Azərbaycan Premyer Liqasının ilk yarısında ev oyunlarına ən çox tamaşaçı toplayan komanda bəlli olub.
Sportnet.az "report"a istinadən xəbər verir ki, “Turan Tovuz” azarkeşlərinin futbolçulara diqqəti digər klubların fanatlarından çoxdur.
Geridə qalan 18 turda hər komanda 9 ev matçına çıxıb. “Turan Tovuz”un bu qarşılaşmalarını ümumilikdə 30 300 nəfər tribunadan izləyib. Siyahının ikinci pilləsində “Sabah” qərarlaşıb. Bakılıların doğma arenadakı görüşlərində 25 150 tamaşaçı olub.
XIV turda “Qarabağ”la keçirilən oyuna marağın da bunda böyük təsiri var. Həmin matça 10 000 azarkeş toplaşıb. Bu, həm də ilk yarıda ən çox izlənilən qarşılaşmadır. Peşəkar Futbol Liqasının təqdim etdiyi protokollara əsasən, bir görüşdə ən az tamaşaçı Qəbələdə olub. Bu, XIII turun “Qəbələ” – “Zirə” duelinə təsadüf edib. Protokola əsasən, həmin qarşılaşmada 24 tamaşaçı iştirak edib.
Mövsümün ilk yarısında azarkeşlərin ən az maraq göstərdiyi komanda “Zirə”dir. Qəsəbə təmsilçisinin 9 ev oyununa cəmi 4600 azarkeş baxıb. Halbuki çempionat ərzində “Turan Tovuz”un 3, “Sabah”ın 2, “Neftçi”nin isə 1 matçında bundan çox azarkeş toplaşıb.
Ümumiyyətlə, ilk yarıda elita təmsilçilərindən 3-ü ev oyunlarını birdən çox stadionda keçirib. “Qarabağ” XIII turda “Kəpəz”i Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edib.
“Zirə” ilk üç ev görüşünü “Dalğa Arena”da keçirdikdən sonra doğma məkanına qayıdıb.
Premyer Liqanın debütantı “Kəpəz” isə mövsümün əvvəllərində “Dalğa Arena”da 1, Qəbələ Şəhər Stadionunda 3 ev oyunu keçirib. Bölgə təmsilçisi yalnız son 5 görüşdə rəqiblərini Gəncədə qəbul edib.
1. “Turan Tovuz” – 30 300
2. “Sabah” – 25 150
3. “Neftçi” – 19 900
4. “Şamaxı” – 12 000
5. “Kəpəz” – 11 121
6. “Sumqayıt” – 10 351
7. “Qarabağ” - 9812
8. “Qəbələ” - 6974
9. “Səbail” - 6650
10. “Zirə” - 4600