Almaniyanın "Şalke" və Niderlandın PSV komandalarının sabiq baş məşqçisi Xub Stevens peşəkar karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, 70 yaşlı mütəxəssis "express.de" saytına açıqlamasında bu qərarı səhhətindəki problemlə bağlı qəbul etdiyini söyləyib.
Niderlandlı baş məşqçi bildirib ki, sağlamlığı artıq işləməyə imkan vermir: "Ölkəmdən təklif almışdım. Amma daha risk etməyəcəyəm. Bu il 70 yaşım tamam oldu. Özümü yaxşı hiss etməyimə baxmayaraq, bədənim mənə açıq xəbərdarlıq göndərdi. Həkimlər perikardit (ürəyin seroz qişasının ya ürək kisəsinin iltihabı) diaqnozu qoydular".
Qeyd edək ki, Xub Stevens məşqçilik karyerasının böyük hissəsi "Şalke"də keçirib. O, 1996-2002, 2011-2012-ci illərdə Gelzenkirxen təmsilçisinə başçılıq edib. 2015-ci ildə klubun rəhbərliyinə daxil olan mütəxəssis 2 dəfə baş məşqçinin səlahiyyətlərini yerinə yetirib.
Stevens müxtəlif vaxtlarda Almaniyanın "Köln", "Hamburq", "Ştutqart", "Hoffenhaym", Avstriyanın "Zaltsburq" və Yunanıstanın PAOK komandalarının da sükanı arxasında olub.