
“Redon Cica Azərbaycan çempionatının bombardiri ola bilər”.
Sportnet.az xəbər verir ki, bunu AZAL-ın albaniyalı sabiq futbolçusu Ervin Bulku həmyerlisi Redon Cicanın “Qarabağ”a transferini dəyərləndirərkən deyib.
2011/2012 mövsümündə Azərbaycan klubunun formasını geyinmiş 42 yaşlı mütəxəssis qış fasiləsində “Tirana”dan “Qarabağ”a keçən Cicanın uğurlu transfer olacağını düşünür: “Cica ildən-ilə inkişafda olan futbolçularımızdandır. Albaniya çempionatında qolçuluq bacarığını nümayiş etdirə bilib. “Qarabağ”a keçməsi gələcək karyerası baxımından önəmli addımdır. Orada vuracağı qollar sayəsində daha böyük liqalara keçid edə bilər”.
Hazırda Albaniyanın U-17 yığmasının baş məşqçisi olan Bulku hesab edir ki, 25 yaşlı forvardın Azərbaycana uyğunlaşma prosesi çətin keçməyəcək: “Bizim futbolçularımız Azərbaycana tez adaptasiya olunurlar. Redon üçün müsbət məqamlardan biri “Tirana” ilə “Qarabağ”ın bənzər oyun üslubuna malik olmalarıdır. “Qarabağ” avrokuboklarda da uğurla çıxış edən komandadır. Bu, Cica üçün özünü daha sürətli tanıtmaq baxımından yeni pəncərə olacaq”.
Qeyd edək ki, Redon Cica “Qarabağ”la 2026-cı ilin yayınadək müqavilə imzalayıb (report.az).