
"Rəqib çox mütəşəkkil və əla komandadır. Son oyunlarda yaxşı nəticələr göstəriblər. Marko Arnautoviç və David Alabanın oynamayacağını bilirəm. Vacib oyunçulardırlar, amma komanda üzvlərinizin hamısı yaxşı futbolçulardır".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Avstriyaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə matçından öncə mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis öz komandasında Mahir Emreli və Bədavi Hüseynovun da zədəli olduğunu xatırladaraq, bildirib ki, belə oyunlara hazır olmaq lazımdır: "Hər ikisi heyətdə olmalı idi. Lakin zədə üzündən komandadan kənarda qaldılar. Eyni zamanda əsas qapıçımız Şahruddin Məhəmmədəliyev bizimlə olmayacaq. Əvəzində gənc qolkiper Yusif İmanovu böyük ümidlərlə heyətə cəlb etmişik".
De Byazi meydanda maksimumlarını ortaya qoymağa çalışacaqlarını vurğulayıb: "Son oyunlarda yaxşı nəticələr göstəririk. Çalışacağıq ki, bu tempi davam etdirək".
Baş məşqçi qrupu da dəyərləndirib: "Belçika qrupun ən güclü komandasıdır. Avstriya və İsveç də ilk 3-lüyə iddialıdır. Biz də özümüzə inanırıq və çalışacağıq ki, yüksək nəticələr üçün mübarizə aparaq. Futbolçularım hansı qrupa düşdüklərini başa düşür və tapşırıqlarımızı yerinə yetirirlər".
Qeyd edək ki, martın 24-də Lints şəhərindəki "Raiffeisen Arena"da keçiriləcək Avstriya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.