
““İlk hissədə topla daha çox oynayırdıq. Onları çətinə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir. İkinci qoladək oyunda qaldıq”.
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 0:5 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis ikinci qolun həlledici olduğunu bildirib: “Fikirləşirəm ki, əla oyun göstərdik. Topa daha çox nəzarət etdik. İkinci qoldan sonra onların hər imkanı qol olurdu. Bizim də imkanlarımız oldu. Hətta heç-heçə edə bilərdik".
"Təbii ki, fiziki cəhətdən onlar bizdən güclüdürlər. 70-75 dəqiqə oyunda qala bilirik. Ondan sonra bizə çox çətin olur. Ən əsası, 2:0-dan sonra ruhdan düşməməliyik. İnanmalıyıq ki, nəticəni xeyrimizə dəyişmək olar. Əminəm ki, bundan daha yaxşısını edə bilərik. İnkişaf etmək üçün bu oyundan dərs çıxartmalıyıq", - deyə baş məşqçi vurğulayıb.
De Byazi oyunun son dəqiqələrində 2002 və 2003-cü il təvəllüdlü futbolçulara şans verdiyini xatırladıb: "Başa düşürəm, nəticə bizim üçün acınacaqlıdır, amma onlara deyəcək sözüm yoxdur”.