"Futbolçularımı təbrik edir, bizi izləməyə gələn xeyli sayda azarkeşimizə təşəkkürümü bildirirəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İsveçdə "Hakken" klubuna 1:0 qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis oyundan razı qaldığını söyləyib: "Belə rəqiblərə qarşı çıxış etdikdə maksimum diqqəli olmalısan. Növbəti oyunlarımıza gəlincə, "Bayer" hazırda pik formasındadır. Belə güclü rəqiblərə qarşı oynamağı çox istəyirəm. Çünki bu, futbolçularımızın da artırmasına, böyüməsinə səbəb olur. Yenə də yaxşı nəticə üçün mübarizə aparacağıq. Hakimin idarəçiliyi ümumilikdə idman prinsiplərinə uyğun idi. Yankoviçin epizodunda rəqibə də sarı vərəqə göstərmək olardı. Bədəvi Hüseynov özü əvəzlənməsini istədi. Çünki ağrıları vardı. Onu əvəzləyən Maksim Medvedevin rəqibin hücumunu dəf etdiyi epizod isə onun yüksək keyfiyyətlərindən xəbər verir. Bəhlul Mustafazadənin ayağında sınıq var. Ona görə də bərpası bir müddət çəkəcək".
Qurbanov mümkün təxribat hallarına da münasibət bildirib: "Biz həmişə belə hallarda daha inamlı olmuşuq. Çünki peşəkarıq. Mümkün təxribatlara qarşı UEFA tərəfindən də xəbərdarlıqlar edilir. Amma bəzən belə hallara göz yumulur. İsveçdə hər şey bizim üçün çox xoş oldu. Hamıya hörmətlə yanaşırıq və çalışmışıq ki, həmişə bu, qarşılıqlı olsun. Biz həmişə başıdik olmuşuq və bu cür hallar bizə təsir etmir. Üzərimizə düşən vəzifəni düzgün, səliqəli və insani formada yerinə yetirməyə çalışmışıq. Ümumilikdə buradan tam razı qayıdırıq".