İsveçrə prokurorluğu Canni İnfantinoya qarşı məhkəmə prosesini dayandırıb.
Sportnet.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
FİFA prezidenti ilə bağlı istintaq 2020-ci ilin yayından davam edirdi. Funksioner o vaxt İsveçrənin federal prokuroru vəzifəsində işləyən Maykl Lauberlə görüşləri səbəbindən vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmək, rəsmi sirləri pozmaq və cinayət təqibinə mane olmaqda ittiham olunub.
“Bu, FİFA və ədalət üçün tam və aydın qələbədir! İndi bəlli olur ki, mənə qarşı irəli sürülən ittihamlar sadəcə olaraq korrupsionerlərin mənim nüfuzuma xələl gətirmək cəhdi idi. Əgər bu insanların ləyaqəti qalıbsa, heç olmasa etdiklərinə, vurduqları zərərə görə üzr istəməlidirlər. Həqiqətən də, istintaq təsdiq edir ki, mən həmişə qanuni hərəkət etmişəm, həmişə yalnız FİFA və futbolun maraqlarını müdafiə etmişəm” - deyə İnfantino bildirib.
Xatırladaq ki, C.İnfantino 2016-cı ildən FİFA prezidentidir.