"Çox uğurlu nəticə oldu. Daha yaxşısını gözləyirdim".
Sportnet.az-ın Norveçə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Molde" ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis çox vacib xal qazandıqlarını bildirib: "Ümumi hava şəraiti və meydançaya futbolçularımız tam uyğunlaşa bolmədilər. Lakin çox vacib 1 xal oldu. Bu gün o qədər də həyəcan yox idi, rahat idim. Qalib gəlsəydik, burada hər şey həll oluna bilərdi. Qrupda 1 oyunumuz qaldı. Çalışacağıq ki, Bakıda İsveç "Hakken"i ilə keçirəcəyimiz görüşə daha yaxşı hazırlaşaq. Bu 1 xalın bizə faydası çox oldu. Amma arxayınlaşmaq olmaz. Bakıfa daha da ehtiyatlı olmalıyıq. Futbolçularıma təşəkkür edirəm".
Qurbanov oyunun sonlarında etdiyi əvəzləmələrə də toxunub: "Əvəzetmələrə hazırlaşırdıq. Sadəcə, bəziləri gözlənilməz oldu. Rəqibə də qiymət vermək lazımdır. Çox keyfiyyətli komandadır. Sistemlərinə o qədər sadə şəkildə uyğunlaşıblar ki, nə edəcəklərini hamı bilir. İlk hissədə oyunun quruluşunda dəyişiklik etmişdilər. Sonradan meydançaya daxil olanlar özlərini pis tərəfdən göstərmədilər. Bir az balans pozuldu. Ancaq daha istəkli və aqressiv oldular. Həm Marko Yankoviç, həm də Patrik Andrade yorulmuşdu. Düzdür, ehtiyatda Riçard Almeyda var idi. Amma Romaonun olmaması və Juninyonun da əvəzlənməsi planlarımızı pozdu".
Baş məşqçinin fikrincə, son dəqiqələrdə buraxılan və vurulan qollar komandasının böyüməsi üçün vacibdir: "Son dəqiqədə vurulan qol komandaya əlavə motivasiya verir. “Bayer”lə görüşün son dəqiqələrində buraxdığımız top futbolçulara həddən artıq təsir etmişdi. Son dəqiqə qolları böyük oyunlara bənzəyir".
Qurbanov son turda evdə İsveç "Hekken”i ilə keçirəcəkləri görüş barədə isə bunları bildirib: "Rəqib qrupdakı bütün oyunlarında məğlub olub. İtiriləcək heç nələri yoxdur. Bura qələbə qazanmaq üçün gələcəklər. Həddən artıq istəkli olmağımız bizə mane ola bilər. Meydançada tapşırıqları düzgün icra etmək lazımdır. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik".