"Belə uğuru əldə etməyimiz həm futbolumuza təkan, həm də futbolçularıma inam verəcək".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Hekken"ə 2-1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis hər kəsi qələbə münasibəti ilə təbrik edib:
Əvvəlcə futbolçularımı və azarkeşləri təbrik edirəm. Neçə illərdir şanslarımızdan yararlana bilmirdik. Hətta son saniyələrdə uğur əldən qaçmışdı. Çempionlar Liqasından rəqiblərin gəlməsi də faydalı ola bilər.
Qurbanov keçmişdə olan uğursuzluqların komandanı daha da güclü etdiyini bildirib:
"Bəzən bizim kimi komandalarda belə şanslar çox az olur. O şansları itirəndə komandaya və rəhbərliyə çox pis təsir edir. Dəfələrlə belə hallar oldu. Amma məncə geriyə qayıtmaq lazım deyil. Çünki yenidən o günləri yada salmaq heç də yaxşı hal olmaz. O qolun sayılmamasının bizə daha çox faydası oldu, nəinki ziyanı. Cənab Prezident də bizə çox böyük dəyər vermişdi, komandanı qəbul etmişdi. Bu, bizim komandaya böyük inam vermişdi. PAOK-u hər iki oyunda udsaq da, səfərdə "Fiorentina"nı udmaları bizi qrupda saxlamışdı. Amma bugünkü uğurun ləzzəti daha yaxşı olacaq. Böyümək üçün əvvəllər olanları bəhanə etməməliyik".
Baş məşqçi oyundan sonra kiminlə telefonda danışdığını da açıqlayıb:
Telefonda danışdığım şəxs Zaqatalanın icra hakimi idi. Hər oyundan sonra ən birinci zəng edənlərdəndir. Çox böyük azarkeşdir.
Təcrübəli mütəxəssis "pley-off"da düşə biləcək potensial rəqiblər haqda da söz açıb:
"Bütün rəqiblərimiz güclüdür. Hər biri ciddi rəqibdir. Hansı rəqib haqqında düşündüyümü demək olmaz. Hansı olsa belə, ona qarşı ciddi hazırlaşacağıq".
Qurbanov tənqidlərdən nəticə çıxardıqlarını bildirib:
"Mənə uduzmaq elə də çətinlik gətirmir. Çünki oyunların içində oluram. Əlimizdəki kollektivə güvənəndə uğurlarımız davamlı olur. Azarkeş də, media işçiləri də, rəhbərlik də tənqid edə bilər. Bunlar normaldır. Biz çətinliklərdən, əsas oyunçularımızın komandadan getmələrindən, zədələrdən narahat idik. Amma mən komandama güvənirdim. Hər bir halda tənqidlərdən əsəbiləşirik. Amma mən heç kimdən, azərbaycanlılardan incimirəm. Onları başa düşə-düşə daha keyfiyyətli işləyirik. Bəlkə də azarkeşləri başa düşməyimizin nəticəsidir ki, illərdir qruplara düşürük. Biz yalnız belə böyüməliyik".
Baş məşqçi Veşoviçin yoxluğunu hiss etməyəcəklərini etiraf edib:
"Marko Veşoviçin cəzalı duruma düşməsində problem görmürəm. O, sarı vərəqə alanda onu dəyişməyi düşünürdüm. Amma referi buna imkan vermədi. O, çox əziyyət çəkən, intizamı qoruyan oyunçulardandır. Gələn oyunlarda olmaması səbəbindən digər variantları nəzərdən keçirəcəyik".
Qurbanov oyunçularının sonadək klubda qalmasını istədiyini vurğulayıb:
"Bəzən belə uğurlar olanda oyunçulara təkliflər olur. Bu gün də bəziləri ilə maraqlananlar var. Futbolçuları qorumağa çalışsaq da, bizdən asılı olmayan səbəblərdən gedirlər. Biz Avropa bazarına çıxdıq və klubumuzla tam fərqli qaydada maraqlanmağa başladılar. Bəzən elə oyunçular bura gələndən sonra öz potensiallarını açırdılar. Yenə maraqlı təklif olsa, buna baxacağıq. Amma istərdik ki, tarixi uğuru haqq ediblərsə, sonadək bizimlə olsunlar. Təkliflər olsa, düşünəcəyik".
Mütəxəssis komandanın keçmiş hücumçusu Kadi Borges haqda verilən sualı cavablandırıb:
"Kadi Borgeslə heç bir danışığımız olmayıb. Amma buradan gedən hər bir futbolçuya qapılarımız üzünə açıqdır demişik. Qayıdanlar da olub. Kadi üçün burada hər şey yaxşı idi. Bəlkə özünün də fərqli hədəfləri var. Bunu gələcək göstərər".
Keçmiş futbolçulardan söz açıldıqda Qurbanov, oğlu Musa Qurbanlı haqda da danışıb:
"Musa Qurbanlı bir qədər fərqli xarakterli futbolçudur, insandır. O, legioner həyatını daha çox xoşlayır. Onun üçün hansı liqanın olması fərq etmir. Amma inanmıram ki, heyfsilənsin. Əksinə, sevinir".
Mütəxəssis komandanın müdafiə futbolu oynaması haqda öz fikirlərini bildirib:
"Müdafiədə olsaq da, yaxşı əks-hücumlar etdik. Bizim tələbimiz hücumda ola-ola müdafiə olunmaqdır. Hücumçularımız da müdafiəyə kömək edirsə, bu, futbolun vacib elementlərindəndir".
Mütəxəssis "Qurban Qurbanov olmasaydı, biz nə edərdik?" sualını cavablandırıb:
Siz məni çox ağır yükün altında buraxdınız. Hansı sahədə olurursa-olaq, işimizə məsuliyyətli yanaşmalıyıq. Amma təkcə özümü hallandırmaq istəmirəm. Hər bir sahədə düstur axtarırsan ki, nəticəni necə yaxşılaşdırasan. Bunun cavabı isə sadədir. Özümdən əsas tələbim budur ki, işimdə məsuliyyətli olmalıyam. Öz üzərimdə daha çox çalışmalıyam. Məsuliyyətli olacağıqsa, nəticə də olacaq. Futbolçuları da bu yolla oyunlara hazırlayıram".
Daha sonra Qurbanov Premyer Liqanın vahid bombardiri Juninyo haqda danışıb:
"Biz bir ailəyik. Hər bir oyunçunun uğurunu çox istəyirəm. Onların hansı yolları keçdiyini bildikdə mən onlara qarşı daha tələbkar oluram. Juninyoda çox fərqli xarakter var. Bura gələnədək fərqli oyun sərgiləyirdi. Çempion adı qazanmırsansa, deməli böyümürsən. Juninyo Portuqaliyada oynasa da, burdakı qədər məsuliyyətli olmayıb. Artıq o, bunu anlamağa başlayıb. Bəzən məşqlərdən sonra danışır, zarafatlaşırıq. Özü də ciddi klub olduğumuzu görür. Bəlkə də buna görə mənə qarşı fərqlidir. Özüm də belə oyunçuları xoşlayıram. Bəlkə də bundan da yaxşı Juninyo görəcəyik".
Ardınca Qurbanov "Qarabağ"ı bir gün tərk edəcəyini bildirib:
"Nə vaxtsa onsuz da olmayacağıq. Sabah başımıza nə gələcəyini bilmirəm. Başqa kluba getməyi düşünmürəm. Çünki bu kluba bağlıyam. Nə qədər ki, "Qarabağ" var, burada olmaq istəyirəm. Lakin dəyişikliklər baş verən klubları çox görmüşük. Nəsə ciddi bir şey olmasa, buradayam".
Baş məşqçi fevrala qədər ciddi hazırlıq mərhələsindən keçməli olduqlarını vurğulayıb:
"Məncə, növbəti oyunlara hazırlıqda təcrübə böyük rol oynayacaq. Futbolçularımızın təcrübəsi az deyil. "Bayer"lə oyunlar bizə çox şey verdi. Ola bilər ki, bu dəfə rəqibi daha çox analiz edək. Hazırlığımızda da bəzi dəyişikliklər etməliyik ki, fevralda mövsümün ikinci yarısının başlanğıcınadək pik formada olaq. Bəzi oyunlarda təcrübə topladıq".
Qurbanov həm də Anton Krivotsyuk barədə yayılan şayiələrə münasibət bildirib:
"Anton Krivotsyukla danışığımız olmayıb. Onun Kevin Medinanı əvəzləyəcəyi barədə söhbət yoxdur".