
“Sumqayıt”ın Misli Premyer Liqasının üçüncü dövrəsi üçün hazırlıq planları bəlli olub.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda dekabrın 23-də keçiriləcək “Səbail”lə oyundan sonra istirahətə buraxılacaq.
Yeni ilin yanvar ayının 3-də Sumqayıtda toplaşacaq futbolçular hazırlıqlara doğma şəhərdə start verəcəklər. Üç gün davam edəcək məşqlərin ardınca komanda Türkiyənin Antalya şəhərinə yollanacaq.
Yanvarın 6-dan 17-dək Lara bölgəsində yerləşən oteldə məskunlaşacaq “Sumqayıt” FK bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
8, 12 və 16 yanvar tarixlərində keçiriləcək qarşılaşmalarda rəqiblərin kimliyi barədə klubun rəsmi media hesablarında məlumat veriləcək.