
Azərbaycan Kubokunun 1/8 finalında MOİK Xankəndi şəhər stadionunda "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.
Sportnet.az xəbər verir ki, ordu klubunun baş məşqçisi Qəzənfər Abbasov oyun haqda öz fikirlərini bölüşüb:
"Əlimizdən gələni etdik. Buna görə futbolçularıma minnətdaram.
Oyundan sonra Qurban Qurbanov mənə təşəkkür etdi. Gözəl futbola görə bizi təbrik etdi.
Bizə tapşırıq verilib ki, MOİK I Divizionda yüksək yer tutaraq, Premyer Liqada iştirak etsin. Oyunlarımızı Xankəndi stadionunda keçirməyimiz bizim üçün böyük şərəf olar. Amma bu barədə məlumatlı deyiləm. İstərdik ki, burada da hansısa komanda ev oyunlarını keçirsin.
Bu görüşdən öncə Müdafiə Nazirliyinin yüksək rütbəli şəxsləri və nazirin özü paltardəyişmə otağına girdi, diqqət və qayğının bundan da yüksək olacağını bildirdi".