Elşən MƏMMƏDOV
Xüsusən restoranlarda işlədilən "alman hesabı" adlı bir əməliyyat var. Yəni, yeyib-içməyin ümumi hesabı masa ətrafındakılar arasında bərabər bölünür. Bu da imkan verir ki, hamı eyni məbləğdə ödəniş etsin və ödəniş yükü bir nəfərin üzərinə düşməsin.
Əslində isə "alman hesabı" mühasibat uçotu sisteminə daxildir və Almaniyada işlənilib hazırlanmaqla, Almaniya, İsveçrə və Avstriya kimi alman köklərinə malik ölkələrdə geniş tətbiq olunur. Burada uçotun aparılması sərtliyi və dəqiqliyi ilə fərqləndirilir. Əsas xüsusiyyəti isə ondan ibarətdir ki, böyük hesablar üç rəqəmdən ibarət ayrı-ayrı bloklara bölünür və bloklar arasında nöqtə qoyulur. Məsələn, 1 milyon rəqəmi 1.000.000 kimi yazılır. Nəticədə arifmetik əməliyyatların yerinə yetirilməsi xeyli əlverişli olur.
"Qarabağ"ın Almaniya Bundesliqasının lideri "Bayer"ə qarşı keçirdiyi Avropa Liqasının ilk 1/8 final matçını da milyonlar izləyirdi. Nəticə və gedişat da tam "alman hesabı"na uyğun oldu.
"Qarabağ"ın ilk yarıda rəqibi müdafiəyə sıxışdıraraq, səhvlərə məcbur etməsi bir tərəfdən qürurverici idisə, digər yandan "Bayer" adına acınacaqlı mənzərə yaradırdı.
Qurban Qurbanovun 44 günlük Vətən müharibəsindən sonra aşıladığı hücum futbolu fəlsəfəsi bu mövsümdən bütün rəqiblərlə oyunlarda özünü açıq-aşkar nümayiş etdirməkdədir. Fərqi yoxdur, bu, istər "Hekken" olsun, istər "Braqa", istərsə də "Bayer".
Belə oyun fəlsəfəsini Xabi Alonso da, sözsüz ki, bilirdi. Çünki o, "Qarabağ"la üçüncü dəfədir üz-üzə gəlirdi və üstəlik, Azərbaycan klubunun digər avrokubok rəqibləri ilə görüşlərini də izləməmiş deyildi.
İspaniyalı mütəxəssisin əks tədbirləri birinci hissədəki heyətlə bəhrəsini vermədi. Elə buna görə də "Qarabağ" "Bayer"i uğurlu pressinqlər edərək, hücumçusu Juninyonun xüsusi əməyi sayəsində iki dəfə cəzalandırdı. Braziliyalı hücumçu ilk epizodda Yassin Benziaya məhsuldar ötürmə verdisə, ikinci qolu özü vurdu.
Fasiləyə 2:0 hesabı ilə çıxması "Qarabağ"a əlavə psixoloji üstünlük qazandırırdı. İndi qalırdı bu hesabı qorumaq. Amma necə: "Ən yaxşı müdafiə - hücumdur" formasında, yoxsa sadəcə, müdafiə olunmaqla?
Təəssüf ki, birinci variant ikinci hissənin yalnız əvvəllərində müəyyən qədər alındı. Amma sonrakı dəqiqələrdə təşəbbüs "Bayer"ə verildi. Əlbəttə, burada Alonsonun əvəzləmələri, onun Florian Virts, Patrik Şik və Qranit Caka kimi aparıcı oyunçuları meydana buraxması xüsusi rol oynadı.
Belə futbolçulara qarşı görülən tədbirlər isə bir qədər ləngidi. Hücum taktikasından müdafiə olunmağa keçid səmərə vermədi, imkanlarından aşağı çıxış edən Leandro Andrade və müəyyən mənada Abdullah Zubirin timsalında əvəzləmələr gecikdi, Juninyo və Benzia zədələndikləri üçün məcburiyyətdən dəyişdirildilər. "Bayer"in ilk qoluna səbəb olan Zubirin kobud səhvi, arxaya ötürməsinə müdafiəçilərin ani reaksiya verməmələri "Qarabağ"ın müdafiə oluna bilməməsinin göstəricisi idi.
Rəqibin hər iki qolu göstərdi ki, Qurban Qurbanov müdafiə üslublu oyundan imtina etməlidir. Çünki oxşar mənzərəni əvvəlki mərhələdə Portuqaliya "Braqa"sı ilə görüşlərdə də görmüşdük. Həmin oyunlarda da rəqib qollarını "Qarabağ"ın hesabda öndə olduğunu əsas gətirərək, müdafiəyə çəkilməsi səbəbindən vurmuşdu.
"Bayer"lə dünənki oyun iki fərqli hissəli bir tamaşaya bənzəyirdi. Birinci hissədə meydan sahibləri, ikinci yarıda isə qonaqlar istəklərinə çatdılar. Müdafiə olunmağın hesabını isə hər iki tərəf ödədi. Lap "alman hesabı" kimi...