
Sportnet.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirdi...
- Rəqibi təbrik edirəm. Komandamız da yaxşı futbolla xoş sözlərə layiqdir. Futbolçularımı təbrik edirəm. İki komanda da maraqlı oyun göstərdi. Məğlubiyyətin səbəbi göz qabağındadır. İki səhvlə uduzduq. Rəqibə başqa epizod vermədik. Qələbə qazanmaq istəyirdik. Futboldur, qələbələr də, məğlubiyyətlər də olacaq. Bunlara hazırıq. Qarşıda iki həftəlik fasilə var. Yaxşı hazırlaşmağa çalışacağıq.
- Fərdlər üzərində dayanmaq istəmirəm. Amma deyəsən, Ninqadan daha çox hərəkətlilik istəyirdiz...
- Passiv deyildi, sadəcə oyunun gedişində mövqesini dəyişdim. Yəqin, uyğunlaşa bilmədi. Komanda şəklində pis oynamadıq.
- Bu tura qədər ikinci sırada idiz. Amma milliyə iki oyunçu cəlb edilib, onlar da ehtiyat heyətdə...
- Bu, şəxsi fikirlərdir. Millidə müvəqqəti baş məşqçi var. Ümumiyyətlə, hər şeyə hörmətlə yanaşmalıyıq. Kimlərin layiq olub-olmadığını deməzdim. Məşqçilər də tanıdıqları oyunçuları çağırıblar. Bəlkə də, iki oyuna görə çox rotasiyalar etmək istəməyiblər. Heyətlə bağlı seçimləri onlar yaxşı bilər. Bu haqda nəsə deməyəcəm. Çünki fikirləşirəm ki, hər məşqçinin seçiminə hörmətlə yanaşmalıyıq.
- Bu gün dörd müdafiəçi ilə çıxış etdiniz. Sağ cinahda da müəyyən dəyişikliklər etdiniz. Oyun planınız nə idi?
- Ümumiyyətlə, oyunu iki hissəyə bölmüşdük. Bəzən gedişat istədiyin kimi olmur. Birinci hissə rəqibin təzyiqli oynamağının qarşısını almağa çalışdıq. Lazım olan məqamlarda oyunu sakitləşdirmək istəyirdik. Fasilədən sonra isə oyundan əvvəl planlaşdırdığım dəyişikliklər oldu. Oyunun senarisini əvvəldən ehtimal etmişdim. Oyun necə olsaydı, dəyişiklikləri edəcəkdim. Bəzi dəyişikliklər isə planlara daxil deyildi. Cordan Rezabala hələ tam hazır deyil. Meydana daxil olanda harada yaxşı oynaya biləcəyini soruşdum. Dedi ki, dayaq yarımmüdafiəçilərin önündə rahatam. Ehtimallarımızın doğru olduğu sezilirdi. Daha çox hücumda oynadıq. Əfsuslar olsun, iki səhvin altından çıxa bilmədik. Bu, üzücüdür.
- Rəqib baş məşqçi Renduliç açıq şəkildə bildirdi ki, hədəfimiz ikincilikdir. Sizin hədəfiniz nədir?
- Bizdə ikincilik hədəf olmayıb. Nə ikincilik, heç avrokubokları da düşünməmişik. İlin sonunda harada olacağıqsa, bizim hədəfimizdir. Hədəflər ilin əvvəlindən qoyulur. Ona görə hərəkət edilir. Biz yeni komandayıq. Bu il həddindən artıq oyunçu dəyişmişik. Komanda qururuq, istədiyimiz var, güclənmək niyyətindəyik. Bu gün ikinci hissədə olduğu kimi rahat oynamağı istəyirik. Hədəfi baş məşqçi yox, klub qoymalıdır və buna görə hərəkət etmək lazımdır. Gedişatda hədəf qoyulmur.
- Hədəf çempionatda qalmaq idi?
- Bəli, mövsümün əvvəlində hədəfimiz çempionatda qalmaq idi.
- Azarkeşləri stadiona necə cəlb edək?
- Görünən odur ki, bütün Azərbaycan çempionatında baş verən hadisələrdir. Bunu başbilənlər düşünməlidir. Sumqayıt şəhərində bəhanə meydança idisə, görürük ki, indi o da deyil. İdeal arena var. Amma azarkeş... "Sumqayıt" bu oyuna görə ikinci yerdə idi. Həddindən artıq pis oynamırıq. Bu da gəlməmə səbəbi deyil. Başbilənlər fikirləşməlidir ki, nə etmək olar, fanat gəlsin. Fanatlara onu deyə bilərəm ki, gəlsinlər, komandaya dəstək olsunlar.
- Hakim idarəçiliyini bəyəndiniz?
- Bəli, çox xoşuma gəldi. Emosional davrandığım üçün sarı vərəqə aldım.
- Yenidən ikinci sıraya qayıda biləcəksiniz?
- Bu oyuna kimi ikinci sırada idik və buna layiq olduğumuzu göstərdik. İlin əvvəlində klubun gördüyü işlərə görə proqnozlar olur. Dəfələrlə olub ki, bizi təhlil edəndə ehtiyat oyunçularımızdan danışıblar. Bütün bunlar komandanın mövqeyinə təsir edir. Hər oyuna qələbə üçün çıxırıq. Sonda harada olacağımızı görəcəyik. (Futbolpress)