“Səfərdə 1 xal qazanmaq bizi sevindirdi. Çətin olacağını bilirdik. Çünki yeni komandayıq, yeni oyunçular var. Adaptasiyaya üçün bir neçə oyun lazımdır. Futbolçularım müdafiə planında ilk dəqiqələrdə səhvlərə yol verdi və qollar buraxdıq. Amma ruhdan düşmədik, iki qol vurduq. “Sabah”a iki qol vurmaq futbolçularıma inam verir. Hər xal bizim üçün vacib olacaq. “Sabah”a uğurlar arzulayıram, avrokuboklarda çətin oyuna çıxacaqlar. Ümid edirik ki, bu mövsüm həm “Zirə”, həm də “Sabah” qruplarda ölkəmizi təmsil edərlər".
Sportnet.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın ilk turunun “Sabah”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Oyundan razı qaldınız, yoxsa nəticədən?
- Hər ikisindən.
- Bu heyətlə hədəfiniz nədir?
- Oyun baxımdan artırmalıyıq. Bu gün razı qaldıq. Amma çətin oyunlarımız var, bizim üçün asan olmayacaq. Gənc futbolçular üçün də böyük şansdır. Həmişə gileylənirik ki, gənc futbolçulara şans verilmir. Həqiqətən potensiallı futbolçularımız var. Komandama inanıram. Elə bura da inanaraq gəlmişəm. Bir-iki futbolçunun da olmasını istərdik. Brahim Konate zədəlidir. Bu mövsüm əsas məqsədimiz Premyer Liqada möhkəmlənməkdir. İstədiyimiz oyunu hələ ki, görmürəm. Bundan yaxşı olmağa çalışacağıq.
- Transferlər yekunlaşıb?
- Pulumuz bitənə kimi transfer edəcəyik. Hələ ki, pulumuz qalıb.