"Həqiqətən də gözlənilməz təyinat oldu".
Sportnet.az xəbər verir ki,, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunan Vitali Borisov deyib.
Mütəxəssis yığmada oynamağın və işləməyin fəxr olduğunu bildirib: "Hər idmançının arzusudur ki, təmsil etdiyi idman növündə öz ölkəsinin adını ucaltsın. Biz də bu fürsəti düzgün dəyərləndirməyə çalışacağıq".
"Araz-Naxçıvan"ın da baş məşqçisi olan Borisov iki istiqamətdə çalışmağın çətin olacağını söyləyib: "Araz-Naxçıvan” tək daxili çempionatda deyil, Çempionlar Liqasında da uğur qazanmaq üçün mübarizə aparacaq. Digər tərəfdən, bu klub millinin də bazası hesab olunur. Deməli, yığma ilə bağlı işimizin bir hissəsini klubda görəcəyik. Millinin də tapşırığı var. Çalışacağıq ki, hər iki cəbhədə yaxşı nəticələr qazanaq. Millidə “Araz-Naxçıvan”dakı heyətlə birgə çalışacağıq. Serb mütəxəssislər - Predraq Rayiç və Zoran Rakiçeviç köməkçilərim olacaq. Zoran qapıçılarla işləyəcək".
Baş məşqçi Avropa çempionatının elit-raundundakı şanslardan söz açıb: "Bu mərhələdə zəif rəqib olmur. Elit-raunda qədər 2 mərhələ keçilib və güclülər son raunda qalıb. Niderland və Rumıniya yığmaları reytinq cədvəlində bizdən aşağı pillələrdə yer alsalar da, döyüşkən kollektivlərdilər. Qazaxıstan millisinin isə xüsusi təqdimata ehtiyacı yoxdur. Bu komanda son 2 dünya çempionatının final mərhələsində iştirak edib. Onlar dünyanın ən güclülərindən sayılırlar".