
"Rəqib bizə qarşı yaxşı hazırlaşmışdı. Həm də son illərdə tez-tez qarşılaşdığımızı nəzərə alsaq, bir-birimizi yaxşı tanıdığımızı deyə bilərəm. Bizim əsas problemimiz yaratdığımız qol epizodlarını realizə edə bilməməyimiz oldu. Hətta məşqlərdə də, oyunöncəsi təlimat zamanı da futzalçılarıma buna diqqət etmələrini tapşırdım. Amma etiraf edim ki, bunun öhdəsindən yenə tam gələ bilmədik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının seçmə mərhələsində evdə Slovakiyaya 4:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
Braziliyalı mütəxəssis matça yaxşı başladıqlarını və birinci hissədə ardıcıl epizodlar yaratdıqlarını bildirib: "Təəssüf ki, bu üstünlüyümüzü hesaba daşıya bilmədik. Bəli, hazırlıq üçün az vaxtımız oldu, fiziki, taktiki planda problemlərimiz görünürdü. İkinci hissənin başlanğıcı çox çətin oldu. Amma ikinci qolu vurmağımız rəqibin oyun planında açılmasına səbəb oldu. Biz də yaranan boşluqları düzgün dəyərləndirdik".
Baş məşqçinin sözlərinə görə, bu görüşdə qələbə vacib idi: "İstədiyimiz nəticəni qazandıq. İndi Yunanıstanla matçda bunun davamını gətirməliyik".