"Canni De Byazi AVRO-2024-ün ilk seçmə oyunlarından nəticə çıxarmalıdır".
Bunu AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov deyib.
Funksioner bugünkü iclasda italiyalı mütəxəssisin hesabatına qulaq asdıqlarını bildirib: "O, öz fikirlərini dedi. Biz də mövqeyimizi bildirdik. İtaliyalı mütəxəssisin işini davam etdirməsini qərara aldıq".
Axundov baş məşqçi ilə vidalaşmaq və yığmanın yerli mütəxəssislərdən birinə tapşırılması iddiasına da toxunub: "Elə müzakirə olmayıb. Bunun haradan yayıldığını bilmirəm. Gündəmdə bu cür məsələ yoxdur".
İK üzvü həmçinin vurğulayıb ki, qeyd edilən oyunlardakı uğursuzluqlarda təkcə baş məşqçi deyil, həmçinin futbolçular da məsuliyyət daşıyırlar.
Bundan əlavə, Axundov iclasda futzal üzrə dünya çempionatının elit-raundu, uşaq futbolu və klublardakı akademiyalarla bağlı məsələlərə də baxıldığını diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.(report)