Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 82 kq-da yer alan idmançı almaniyalı Roland Şvartsla üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə uduzan Hüseynov 5-ci yerlə kifayətlənib.
Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 6 medalla başa vurub. Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Avropa çempionu olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal əldə edib.
Sportnet.az-ın məlumatına görə, 72 kq-da çıxış edən Ülvü Qənizadə finalda fransalı İbrahim Qanemlə qarşılaşıb.
Görüş 7:7 hesabı ilə başa çatsa da, xal prinsipinə əsasən qələbə Azərbaycan təmsilçisinə verilib.
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 67 kq-da çıxış edən idmançı finalda gürcüstanlı Coni Xetsuriani sınağa çəkib.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq-da yarışan idmançı ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb.
Rəqibinə 9:5 hesabı ilə qalib gələn Məmmədli Avropa üçüncüsü olub.
‐--------------
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq.
60 kq-da mübarizə aparan Nihat Məmmədli təsəlliverici qarşılaşmada macarıstanlı Erik Torba ilə qarşılaşacaq.
67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov finalda gürcüstanlı Coni Xetsurianini sınağa çəkəcək.
72 kq-da Ülvü Qənizadə də qızıl medal görüşünə çıxacaq. Onun rəqibi fransalı İbrahim Qanem olacaq.
Nəhayət, 82 kq-da yer alan Rafiq Hüseynov bürünc medal uğrunda Branko Kovaçeviç (Serbiya) / Roland Şvarts (Almaniya) cütünün qalibi ilə güləşəcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) finalda uduzaraq, gümüş medalla kifayətləniblər.
Sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb.