
Gənclər və idman naziri Fərid Qayıbov "Real TV" telekanalına müsahibə verib.
Sportnet.az xəbər verir ki, o, ölkəmizdə keçirilən Formula-1 yarışları haqda danışıb:
"Bu il biz rekord sayda bilet satdıq. Biletlərin hamısı yarışa 2 həftə qalmış artıq bitmişdi. Telefonum susmurdu, insanlar bilet axtarırdı. Bu, doğrudan da, böyük bir nailiyyətdir. Bilmirəm bu yaxşıdır, yoxsa yox, biletlərin əksəriyyətini xaricilər almışdılar. 11 min bilet xarici azarkeşlərə satılmışdı".
Biletlərin 104 fərqli ölkədən alındığını xatırladan nazir əlavə edib: "Ən çox qonşumuz Rusiyadan, ikinci isə İngiltərədən olan azarkeşlər idi. Meksikadan da çox sayda azarkeş var idi, çünki pilotları var. Niderlanddan da çoxlu azarkeş var idi. VİP biletlərdən danışmıram. Oraya 1000 əlavə bilet satılmışdı.
F.Qayıbov Azərbaycan Qran Prisi ilə əlaqədar yolların bağlanılmasından doğan narazılığa da münasibət bildirib: "Təbii ki, şəhərdə belə bir tədbirlər keçiriləndə, yollar bağlanır. Nə üçün yollar bağlanır? Səhv etmirəmsə, 14 təyyarə gəlir. Quruculuq işləri üçün yollar mütləq bağlanmalıdır. Gecə-gündüz işləyib, quruculuq işlərini görürlər. Amma yenə də, bu il səhər pik saatlarda və axşam insanlar işlərindən qayıdanda bir tərəfli olsa da, biz yolları açırdıq. Sonda da, daha çox şirkət cəlb edərək, yolları daha tez açdıq. Artıq bundan sonra sosial şəbəkələrdə pozitiv şərhlər də gəldi. Doğurdan da, böyük bir yarışdır. Bizim öz azarkeşlərimiz var. Azərbaycanın tanınmasında, böyük bir rol oynayır. Xaricdə Azərbaycan deyəndə bəziləri "Formula" deyir".