
"Çox xoş hissdir ki, doğma torpağımda olacağam".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanda ilk dəfə UFC turnirinə qatılacaq MMA döyüşçüsü Rafael Fiziyev “Zoom” üzərindən xüsusi sessiyada deyib.
Azərbaycanlı idmançı turnirə hazırlığı, gözləntiləri və digər maraqlı məqamlar barədə danışıb: "Doğma publika önündə yarışmaq çox xoş hissdir. Hazırlığım necə lazımdırsa, elə keçir. Hər şey plan üzrə gedir".
Fiziyev daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibiniz Çilidən olan İqnasio Bahomendesdir. O çox uzun bədən quruluşuna malikdir, 191 sm boyu, qələbələr seriyasl var. Onunla döyüşə necə hazırlaşırsınız?
- Mən daha çox uzunboylu idmançılarla döyüşmüşəm. Onlarla döyüşmək mənə daha asan gəlir. Onun üç seriyalıq qələbəsi var, bunlarn içində nokaut da var. Qəti qorxusu yoxdur, o mənim qarşımda imtahan verəcək. Mən isə imtahan götürəcəyəm.
- Bakıda bu yarışın keçirilməsini eşidəndə nə hiss etdiniz?
- Bakı və UFC araslnda danışıqlar uzun zaman idi gedirdi. Hisslərim, əlbəttə, xoşdur. Çünki öz publikamın önündə döyüşəcəyəm. Öz torpağımda və vətənimdə olacaöı üçün fəxr edirəm.
- Azərbaycanda uzun müddət UFC-də döyüşə biləcək hansl idmançı var?
- Tofiq Musayevin döyüşəcəyini bilirəm. İndi kimisə adı ilə çəkmək yaxşı olmazdı. Kimisə unuda bilərəm. Amma UFC Azərbaycandan bir neçə döyüşçünü cəlb etməlidir. İnanıram ki, azı 2-3 döyüşçü özünü orada göstərə biləcək.
- Yarı yüngül çəkiyə keçmək ehtimalınız varmı və kiminlə döyüşmək istərdiniz?
- Bu barədə düşünürəm. Castin Qeyci ilə döyüşdən əvvəl rahat şəkildə çəki artırdım. Daha sonra yarı yüngül çəkiyə keçməyi düşündüm. Daha sonra müayinə olundum və mənim fizionomiyam üçün bu, yaxşı olmayacaq. Həkimlər mənə çəkimi salmamağı məsləhət gördülər.
- Bakıda döyüşməyin xoş olduğunu dediniz. Amma bu, əlavə psixoloji təzyiqdir. Sizcə, bunun öhdəsindən gələ biləcəksiniz?
- Harada döyüşürsənsə, fərqi yoxdur. Harada döyüşsən də, təzyir var. Hər yerdən səni izləyirlər. Mənim UFC-də 10-dan çox döyüşüm var və publikanın təsirini hiss etmirəm. Hamının məqsədi var. Mənim məqsədim qalib gəlməkdir. 3 ardıcıl məğlubiyyətim var, mütləq qələbə qazanmalıyam ki, titul uğrunda yarışa qayıda bilim. Hazırda ancaq qələbə qazanmağı düşünürəm. Mən hər zaman baxımlı döyüşürəm. Bundan tam əminəm ki, publika mənim döyüşümdən həzz alacaq.
- Nazim Sadıxov və onun rəqibi barədə nə düşünürsünüz? Sadıxovun perspektivi varmı?
- Nazimi 2017-ci ildən tanıyıram. O, həm yaxşı güləşir, həm də ayaqüstü döyüşdə yaxşıdır. Rəqibi barədə deyə bilərəm ki, o da Tailandın Pxukek şəhərindədir. Birlikdə sparinq etməmişik, amma bit zalda məşq edirik. Düşünürəm ki, Nazim öz rəqibindən daha güclüdür. Hər şey qaydasında getsə, qələbə qazanacaq.
Qeyd edək ki, Bakı Kristal Zalında təşkil olunacaq UFC turniri 21 iyunda baş tutacaq.
- Mateuş Qamrotla döyüşün ilk raundunu üstün tamamlasanız da, ikinci raunda zədələnərək uduzmuşdunuz. Onunla bitməyən məsələniz varmı və yenidən döyüşmək istərdinizmi?
- Onunla sentyabrda Səudiyyə Ərəbistanında döyüşməli idik. O da, mən də razılıq vermişdik. Amma UFC müqavilə göndərdikdən sonra o, qorxdu və müqaviləni imzalamadı. Lakin, publikaya razı olduğunu demişdi. Bu döyüşün baş tutmamasının səbəbkarı odur. Onunla döyüşmək mənim üçün maraqlıdır. Məğlub olduğumu düşünmürəm. Sadəcə, ağır zədələndim, uzun müddətə sıradan çıxdım. Mateuş Qamrot güləşçidir, mən isə ayaq üstə döyüşürəm. UFC-də bu cür döyüşlər maraqla izlənilir.
- İndiyədək üç məğlubiyyət almısınız. Yenidən titul yarışına qayıtmaq istərdiniz? Nəzərə alsaq ki, rəqibiniz İqnasio Bahomendes də reytinqcə aşağıdadır...
- Əlbəttə, istəyirəm. Amma indi Bakıdakı döyüşdə qalib gələrək özümü sübut etməliyəm. Daha sonra özümdən reytinqdə üstün olan rəqiblə döyüşə bilərəm. Mən avqust ayından rəqib gözləyirdim. UFC mənə rəqiblər göndərirdi, amma onlar hərəsi bir səbəb gətirirdi. Heç kim mənimlə qarşılaşmaq istəmirdi. Ayaq üstə döyüşənlər məni vura bilməyəcəklərini, güləşənlər isə məni yerə yıxa bilməyəcəklərini düşünürlər.
- MMA aləmində belə deyim var ki, Rafael Fiziyev 5-6-cı raundda artıq yorulur...
- Xeyr, belə problem yaşamıram. Sadəcə, gücümü düzgün bölmürəm. Castin Qeyci ilə də döyüşdə 3-cü raunnda yorulmuşdum. Qeyci ilə ikinci döyüşə 7 gün qalmış razılıq vermişdim. İstər-istəməz, ikinci raunnda yorulmalı idim. Taylanddan ABŞ-yə 13 saat uçuşum olmuşdu.
- Sonda Azərbaycandakı azarkeşlərinizə qarşıdakı döyüşünüzlə bağlı hansı çağırışı etmək istərdiniz?
- Tezliklə görüşərik. 100 faiz hazır olacağam. Maraqlı olacaq. Elə döyüşəcəyəm ki, publika üçün maraqlı olacaq.
Qeyd edək ki, Bakı Kristal Zalında təşkil olunacaq UFC turniri 21 iyunda baş tutacaq.