
Meksikanın Qvadalaxara şəhərindəki Qran Pridə 100 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan cüdoçusu, Olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev "Judo TV"nin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
– Yenidən zirvədəsən. Bu, necə hissdir?
– Çox sağ olun. Özümü yaxşı hiss edirəm. Bu gün mənim üçün çox çətin idi. Fiziki durumum yüz faiz deyil, amma çox xoşbəxtəm.
– Keçən həftə Peruda beşinci oldun, bürünc medal görüşündə Daniel Ayxa uduzdun. Bu, Qvadalaxara Qran-Prisinə hazırlığına necə təsir etdi?
– Peru mənim üçün çox çətin idi – həm uyğunlaşmaq, həm də çəki salmaq baxımından. Özümü yaxşı hiss etmirdim. Amma bu dəfə artıq bir müddətdir Meksikadayam və özümü xeyli yaxşı hiss edirəm. Çətin gün idi, amma çox xoşbəxtəm. Peruya nisbətən hər şey daha yaxşı idi.
– Kanadalı Kayl Reyesə qarşı möhtəşəm ippon! Döyüş çox tez bitdi. Belə sürətli qələbə gözləyirdinmi?
– Mən Reyeslə bir neçə dəfə qarşılaşmışam. O, çox güclü cüdoçudur. Sol əli demək olar ki, beton kimidir (gülür). Mən bilirdim ki, onun sol əlini “öldürməliyəm”, yəni nəzarət altına almalıyam. Çox motivasiyalı idim. Qol tutuşunu aldığım anda düşündüm: “Ya indi, ya heç vaxt”. Və etdiyim fənd dərhal işə yaradı. Döyüşdən sonra ona zarafatla dedim: “Niyə yatırsan? Biz indi başlamışdıq axı”. O da öz ideal formasında deyildi.
– Səndən əvvəl Hidayət Heydərov qızıl medal qazandı — Olimpiya Oyunlarından sonra onun ilk medalı idi. Özün də Olimpiya Oyunlarından bəri ilk qızılını qazandın. Görünür, Qvadalaxara Azərbaycan üçün uğurlu şəhərdir. Niyə Azərbaycan cüdoçuları Meksikada bu qədər uğurlu çıxış edir?
– Bilmirəm (gülür). Hazırda bizdə artıq beş qızıl medal var. Ola bilər ki, Uşanqi də qalib gəlsin (red. U.Koakauri də çempion oldu). Bizim ölkədə çox yaxşı məşqçilər var, hər kəs bizim üçün çox çalışır. Və biz də qalib gəlməliyik. Ümid edirəm ki, dünya və Olimpiya oyunlarında da ən yaxşı nəticələri qazanacağıq.
Hidayəti təbrik edirəm. O, mənim yaxın dostumdur. Birlikdə məşq edirik. O güləşəndə mən onu dəstəkləyirəm, bu gün isə o məni dəstəklədi. Finalda onun səsini eşidirdim. Onun üçün çox sevindim.
– Qvadalaxaranı və ümumiyyətlə Meksikanı gəzə bildinmi? Şəhər barədə nə düşünürsən?
– Bəli, gəzdim. Burada kifayət qədər vaxtım oldu. Şəhər çox gözəldir, insanlar çox mehribandır. Amma ən gözəli yeməklərdir (gülür). Yeməkləri çox dadlıdır, amma bir az acıdır. Mən acı yeməyi sevirəm, ona görə problem yoxdur.
– Səni növbəti dəfə harada görəcəyik?
– Hələ bilmirəm. Ola bilər Tokioda. Tokioda çıxış etmək istəyirəm. Daha çox məşq edəcəyəm, daha yaxşı hazırlaşacağam.
– Dediyin kimi, Azərbaycan yığmasının artıq beş qızılı var, bəlkə bir də gəlir. Komanda bu uğuru necə qeyd edəcək?
– Bilmirəm. Bəlkə bu axşam uçuşumuz olacaq. Amma WhatsApp qrupumuza yazacağam (gülür). Düşünürəm ki, ən azı bir gözəl şam yeməyi olacaq.