Fransanın paytaxtı Parisdə keçirilmiş Böyük Dəbilqənin ilk günündə Azərbaycanın iki cüdoçusu medal qazanıb. Balabəy Ağayev (60 kq) qızıl, Ruslan Paşayev (66 kq) bürünc medala sahib olub. Ağayev bu qalibiyyətdən sonra Sportnet.az-a müsahibə verib:
- Karyeranızda və son 6 ildə 5-ci dəfə Böyük Dəbilqə turnirinin qalibi oldunuz. Finalda sizə yaxından tanış olan Ukrayna təmsilçisi Dilşot Xalmatova qalib gəldiniz. Təəssüratlarınız necədir?
- Yenidən qızıl medal qazandığım üçün sevinirəm. Amma məqsəd dünya çempionatlarında və Yay Olimpiya Oyunlarında medal qazanmaqdır. Bunun üçün çoxlu məşq edirəm.
- Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi Yeldos Smetov (Qazaxıstan) iştirak etməsə də, finalçı Luka Mxeidze (Fransa), eləcə də bürünc medalçılar Ryuju Naqayama (Yaponiya) və Fransisko Qarriqos (İspaniya) Paris Böyük Dəbilqəyə qatılmışdılar. Siz isə elə ilk görüşdəcə Qarriqosa qalib gəldiniz. Bu baxımdan, finaldakı, yoxsa ilk görüşdəki qələbənin daha çətin olduğunu düşünürsünüz?
- Yarış ümumlikdə çətin idi ve çətin olacağını da bilirdim. Düzdür, Qarriqosu udanda sevindim, amma finaldakı qədər yox (gülür - red.). Sevindim ki, Qarriqosa yenidən uduzmadım, hazırlıq prosesində səhvlər üzərində məşqçilərimizlə birlikdə apardığımız analizlər boşa çıxmadı və bəhrəsini verdi. Digər rəqiblərim də güclü idi. Monqolustanlı Ariunbold Enxtayvan da təcrübəli cüdoçudur. Onunla 1/8 final görüşü mənim üçün heç də asan olmadı.
- Rəqiblərinizin əksəriyyəti təcrübəli idilər və bir çoxu ilə əvvəllər də qarşılaşmışdınız. Bəs görüşə bilmədiklərinizdən kimi əsas rəqib qismində görürdünüz?
- Görüşə bilmədiklərimdən qazaxıstanlı Aman Bakıtjanı və BƏƏ-ni təmsil edən əslən rusiyalı Konstantin Simeonidisi qeyd edərdim. Bakıtyan sonda bürünc medal qazandı. Simeonidis isə 1/4 finalda qalib gəldiyim kubalı Conatan Şarona 1/16 finalda uduzdu. Böyük Dəbilqədə görüşə bilmədiyim bu cür bir neçə güclü cüdoçu var idi.
- Xalmatovla bir neçə dəfə qarşılaşmısınız. Onlardan biri də 2022-ci ildə Bakıdakı Böyük Dəbilqəyə təsadüf edib. Hansı qarşılaşma sizin üçün çətin alındı: Dünənki, yoxsa 4 il əvvəlki?
- Fikrimcə, dünənki görüş daha ağır oldu, çünki mən klassik güləş üslubuna üstünlük verirdim. Artıq 5-ci dəfə üz-üzə gəldiyimizdən, bir-birimizin güləş üslubunu bilirdik. Mən ondan fərqli üslubda güləşdim. Xalmatov bunu məndən gözləmirdi. Burada kim daha ağıllı mübarizə aparacaqdısa, o da qalib gələcəkdi.
- Finalda qızıl xal bölümünə 2 cərimə xalı ilə girmişdiniz. Paris-2024 olimpiadasında isə ilk görüşdə 3 cərimə xalı ilə uduzmuşdunuz. Bu səbəbdən, Xalmatovla qarşılaşmada da üçüncü cərimə xalı alma riski altında mübarizə aparmaq nə dərəcədə çətin oldu?
- Olimpiadada cənibi koreyalı Kim Von-Jinlə qarşılaşmamın gedişində 2 cərimə xalım var idi və mən, belə desək, uduzmaq istəmədiyim üçün tələskənlik etdim. Cərimə xallarını bərabərləşdirmək üçün hücum etməyə çalışdım. Lakin bu, uğurlu alınmadı və mən 3-cü cərimə xalını alaraq, məğlub oldum. Paris-2024-dən sonra bu səhvlərin üzərində dəfələrlə çalışırdım və artıq psixoloji olaraq, tələsmirdim. Böyük Dəbilqədəki final görüşümdə səbr və ağılla davrandım.
- Böyük Dəbilqələrdə 5 qızıl medalınızdan 3-ü Parisə təsadüf edib. Yəni, Fransa paytaxtı sizə bu baxımdan düşərlidir. "Paris sirləri"ni aça bilərsiniz?
- Bəli, doğrudur. Amma buna sirr demək olmaz. Sadəcə, yaxşı hazırlıq və bu yarışın atmosferi məni daha da ruhlandırır.
- Ən aşağı çəkidə çıxış edirsiniz. Özünüzün də bu il 28 yaşınız olacaq. Çəki dərəcəsini qoruyub saxlamaq çətin deyilmi?
- Asan heç nə olmadığı kimi, çəkini saxlamaq da asan deyil. Amma həmişə rejimdə olmağı üstün tuturam. Bacardığım qədər düzgün qidalanıram ki, çəki salarkən də mənim üçün çox çətin olmasın. Yəni, bir sözlə, demək olar ki, çəkimə illərdir nəzarət edirəm.
- Federasiyanızın çəkisalmaya qarşı olduğunu nəzərə alsaq, Los-Anceles-2028 olimpiadasınadək və ya sonra yuxarı çəki dərəcəsinə keçməyi düşünmürsünüz?
- Xeyr, çəkimi dəyişmək fikrim yoxdur. Sadəcə, dediyim kimi, düzgün qidalanma ve rejim mütləqdir.
- Məşqçilər sizə hansı döyüş üslubunu daha çox aşılayırlar: Ən yaxşı müdafiə hücumdur, yoxsa müdafiə olunaraq, hücum fürsəti gözləməyi?
- Bu, rəqibdən və onun mübarizə üslubundan asılıdır. Hər idmançıya uyğun fərqli-fərqli döyüş tərzi olur. Mən də bacardığım qədər qarşımda qoyulan planı tatamidə düzgün yerinə yetirməyə çalışıram.

















































































