2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1/4 final görüşündə fransalı Sofian Umihaya uduzaraq, mübarizəni dayandıran Azərbaycan boksçusu Albert Səlimov Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın suallarını cavablandırıb. Sportnet.az 60 kq çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançının müsahibəsini təqdim edir.
- Dünən görüşdən sonra hərə bir söz deyirdi. Kimisə də susurdu. Mən özlüyümdə hiss edirəm ki, döyüşüm alınmadı. Özümü finalda görür, həlledici görüşə vəsiqə qazanacağımı, hətta olimpiya çempionu düşünürdüm. Amma hiss etməklə deyil. Döyüşüm sonadək alınmadı. Bu, mənim günahımdır. Bütün Azərbaycan xalqı, ölkə prezidenti, gənclər və idman naziri, Azərbaycan Boks Federasiyası, Azərbaycanda və Dağıstanda mənim üçün həyəcan keçirən bütün insanlar qarşısında üzr istəyirəm. Hamıya çox sağ olun deyirəm. Fikrimcə, artıq karyeramı başa vurma zamanıdır. Dünənki döyüşdən sonra düşünürəm ki, artıq getmə zamanıdır.
- Bəlkə bu fikirləri emosiyaların təsiri altında deyirsiniz?
- Xeyr. Artıq 30 yaşım var. 4 il öncə məni bura çağıranda hər cür şəraiti yaratdılar. Daha yaxşı döyüşə bilərdim. Bilmirəm nə baş verdi. Döyüşə ruh yüksəkliyi ilə çıxmasan belə, hər şeyini ortaya qoymalısan. Mən ötən gün maksimumumu orta qoymadım. Daha doğrusu, psixoloji cəhətdən döyüşə düzgün yanaşmadım. Bilmədim nə baş verdi. Gücüm də var idi. Bu rəqibi bir neçə dəfə məğlub etmişdim.
- Döyüşündən sonra sizə çoxlu zənglər gəldi?
- Mən döyüşdən sonra heç kimə cavab vermirəm. İnternetə də daxil olmuram. Şəxsi suallara indi cavab vermək istəmirəm. Bir-iki ay keçəndən sonra belə suallara cavab verərəm. Amma daha boks barədə danışmayacağam. Artıq boksla qurtardım.
- Karyeranızı bitirdikdən sonra hansı işlə məşğul olmağı düşünürsünüz?
- Əlim-ayağım, başım var. Gedib bostanda işləyəcəyəm. Biz kişiyik, ailəmizi dolandırmalıyıq. Acından batmayacağıq.