Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018"də iştirak edəcək şahmatçı Rauf Məmmədov yarışın rəsmi saytının suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Bu il Şəmkirdə keçiriləcək Vüqar Həşimov Memorialında 10 şahmatçı iştirak edəcək. Rauf Məmmədov özünü bu heyətdə necə hiss edir?
- Dördüncü dəfə Şəmkirdəki turnirdə iştirak edəcəyəm. Belə güclü şahmatçılarında arasında olmaq xoş hisslər yaradır. Şəmkirdə güclü rəqabətin olacağını düşünürəm. Fikrimcə, hər bir iştirakçı mümkün qədər yaxşı mübarizə nümayiş etdirməyə çalışacaq. Özümü bu heyətdə yaxşı hiss edirəm. Fikrimcə, turnir çox maraqlı olacaq.
- Necə düşünürsünüz: Əsas mübarizə FİDE reytinqində ilk iki pillədə qərarlaşan Maqnus Karlsenlə Şəhriyar Məmmədyarov arasında olacaq?
- Reytinq şahmatda vacibdir, amma hər şeyi həll etmir. Sözsüz ki, dünya çempionu Maqnus Karlsenin Şəmkirdə iştirakı yarışa olan marağı artıracaq. FİDE reytinqində ikinci olan Şəhriyar Məmmədyarov da favoritlərdən biridir. Bununla belə, digər şahmatçıları unutmaq olmaz. 9 turdan ibarət mübarizədə xal itkiləri də olacaq. Çin şahmatçısı Dinq Liren, Rusiya təmsilçisi Sergey Karyakin, eyni zamanda Aniş Giri iddialı iştirakçılardır. Ona görə mübarizənin təkcə Karlsenlə Məmmədyarov arasında olacağı fikri ilə razı deyiləm. Təəssüflə bildirməliyəm ki, Vladimir Kramnikin iştirak etməyəcəyi ilə bağlı xəbər əhvalımı korladı.
- Sabiq dünya çempionu Vladimir Kramnikin Şəmkirdə olmaması rəqabəti azaldır?
- Rəqabət azalmayacaq. Şəmkirdə onsuz da əksər iştirakçılar FİDE reytinqində yüksək yerlərdə qərarlaşıblar. Son illər Kramnikə böyük rəğbətim yaranıb. Vladimir Borisoviç kumirimə çevrilib. Onun nümayiş etdirdiyi partiyalar çox maraqlıdır. Gedişləri, çətin vəziyyətlərdən çıxış yolu, eləcə də sona qədər mübarizə aparmasını qeyd etməliyəm. Kramniki Şəmkirdə görmək çox xoş olardı. Ona qarşı oynamaq hər zaman maraqlıdır.
- İddiaçılar Turnirində Şəhriyar Məmmədyarov 8 xalla ikinci oldu. Mötəbər yarışda qalib olmaq üçün Məmmədyarova nə kifayət etmədi?
- Şəhriyar Berlində çox yaxşı partiyalar oynadı. Hətta Dinq Lirenə uduzandan sonra "sınmadı", mübarizəni davam etdirdi. Fikrimcə, yorğunluq özünü göstərdi. Əks halda, o, Çin şahmatçısına qarşı belə oynamazdı. Yorğunluq yekunda qalib olmağa mane oldu.
- Şəmkirdə hansı şahmatçı Rauf Məmmədov üçün uğursuz rəqib hesab olunur?
- Bu turnirdə olmaq böyük hadisədir. Şəmkirdəki şahmatçılarla tez-tez oynamırıq. Ona görə fərqli mübarizə gözləyirəm. Hər bir rəqiblə şahmat taxtası arxasında mübarizə aparmaq xoşdur. Karlsen, Məmmədyarov, Liren, Karyakin, eləcə də digərləri. Təşkilatçılar ən güclüləri dəvət edib. Buna görə də Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinə təşəkkür edirəm.
- 9 turdan ibarət superturnirdə əsas hədəfiniz nə olacaq?
- Ötən il Şəmkirdəki turnirdə oynamamışam. İki il əvvəl iştirak edəndə reytinqim indi olduğu qədər deyildi. Bu il əmsalım 2700-dən çoxdur. Yəni, Şəmkirdə fərqli Rauf olacaq. Bütün oyunlara ciddi hazırlaşmağa çalışacağam.
- "ShamkirChess 2018" komanda yoldaşın Vüqar Həşimovun xatirəsinə həsr olunur. Mərhum qrossmeysterin adını daşıyan yarışda iştirak etmək sizdə hansı hissləri yaradır?
- Vüqar həmişə Azərbaycanda belə turnirin keçirilməsini arzulayırdı. Özü də iştirak etmək istəyirdi. Həyat qəribəliklərlə zəngindir. İndi belə turnir var, amma Vüqar orada yoxdu. Yarış Vüqarın adını daşıyır. Onun adı gələndə həmişə 2009-cu ildə Serbiyadakı Avropa çempionatında qələbəni xatırlayıram. Vüqar adını şahmat tarixinə qızıl hərflərlə yazıb. Həmişə bizimlədir. Bu yarışın təşkili onun adınının əbədiləşdirilməsinə kömək olur.