Beynəlxalq Olimpiya Komitəsindən (BOK) Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) məktubuna cavab gəlib.
Bu barədə Sportnet.az-a MOK-un mətbuat xidmətindən məlumat verilib.
BOK-dan Milli Olimpiya Komitəsinə məlumat verilib ki, medal qazanan idmançılar haqqında məlumatlar və keyfiyyətini itirmiş medalların müxtəlif formalarda şəkilləri Beynəlxalq Olimpiya Komitəsinə göndərilsin. BOK müvafiq araşdırmalardan sonra medalların yenilənməsi qaydası ilə bağlı MOK-a əlavə məlumat verəcək.
Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən və medal qazanan Azərbaycan idmançılardan 5 nəfərin medalları keyfiyyətini itirib. Bu idmançıların müraciəti əsasında Milli Olimpiya Komitəsində lazımi araşdırmalar aparılıb və nəticəsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məktubla müraciət olunub.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.