"Əlbəttə, idmançılarımız başqa ölkələrdə Azərbaycanın bayrağını ucaldırlar. Amma biz təşkilatçılar pərdə arxasında onların uğur qazanmaları, çətinlik çəkməmələri üçün təşkilati işlərlə məşğuluq".
Sportnet.az-ın məlumatına görə, bunu "Minsk-2019" II Avropa Oyunlarının Əməliyyat Komitəsində menecer kimi çalışmış azərbaycanlı mütəxəssis Samir Məmmədov İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri 2019" layihəsi üzrə "7 Qalib" adlı mükafatlandırma mərasimində deyib. Oyunlar zamanı Azərbaycanı layiqincə təmsil etdiyi üçün mükafatlandırılan S.Məmmədov işlərə sıfırdan başladıqlarını diqqətə çatdırıb: "Belarusa dəvət aldığım vaxt artıq "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çalışırdım. Ora ilk azərbaycanlı mütəxəssis kimi getdim. Sıfırdan, heç kim olmadan Belarusun idman naziri və Milli Olimpiya Komitəsinin rəsmilərindən biri ilə planlamalara, təşkilati işlərə başladıq. Fəaliyyətə də Samir Məmmədov kimi yox, Azərbaycan təmsilçisi kimi fəaliyyətə başladım. Çünki ölkədən kənara çıxdıqda hər bir fəaliyyətimiz, müsbət və mənfilərimiz Azərbaycanın adına gəlir. 2018-ci ilin əvvəllərindən azərbaycanlı mütəxəssisləri Minskə dəvət etdim. Əlbəttə, Azərbaycandan gələn bütün sorğulardan sonra işçi yığımı zamanı kimi götürəcəyimizi Belarus Milli Olimpiya Komitəsi ilə razılaşdırırdıq".
Azərbaycanlı mütəxəssis "Minsk 2019"dakı fəaliyyəti dövründə Belarusa getdiyi ilk gündən fəaliyyətini işıqlandıran jurnalistlərə, ona dəstək olan rəsmi şəxslərə təşəkkür etməyi də unutmayıb: "Onlar həqiqətən də bütün fəaliyyətlərimizi işıqlandırırdılar. Jurnalistlərlə yanaşı, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın da zəhmətini qeyd edərdim. Fəaliyyətimiz dövründə dəstəyini əsirgəmədiyi üçün Gənclər və İdman naziri Azad Rəhimova xüsusi təşəkkürümü bildirirəm. Minskə gəldiyi vaxt mənə olan xüsusi diqqət və qayğısı Belarus hökuməti, mediasının da gözündən qaçmadı. Eyni zamanda, İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin rəhbəri Elçin Səfərova minnətdaram. O, hər bir müraciətimizdə mənə məsləhətlərini verən, müəllimlik edən şəxs olub".