Azərbaycan Olimpiya yığmasının boksçusu Lorenzo Sotomayor şərəfini qoruduğu "Qəbələ” İdman Klubunun tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, təcrübəli idmançı "qırmızı-qaralar”ın həm Avropa Oyunlarının, həm də olimpiadanın mükafatçısı olan ilk təmsilçisi olub. "Rio-2016” Yay Olimpiya Oyunlarında ən azı bürünc medalı özünə təmin edən Sotomayorun qızıl şansı qaldığından, "Bakı-2015”dəki çempionluq nəticəsini təkrarlaya bilər.
Lorenzo "Qəbələ”nin tarixində Olimpiya mükafatçısı olan 2-ci idmançı olub. İlkə imza atan də onun həmkarı, boksçu Kamran Şahsuvarlıdır. O da yarımfinala çıxdığından, ən azı bürünc medalı özünə təmin edib.
Sotomayorun debüt etdiyi olimpidadada uğurlu çıxışı bir sıra məqamlarla diqqət çəkir. Əvvəla, milliləşdirilən kubalı boksçu Azərbaycan yığmasının heyətində Olimpiya mükafatçısı olan ilk qeyri-postsovet məkanı təmsilçisidir. Bunadək ölkəmizin cəlb etdiyi və Yay Olimpiya Oyunlarında medalçı olan legionerlər bir qayda olaraq Rusiya və Ukraynadan gəliblər. Sotomayor isə okeanın o tayından, uzaq Kubadan gəlib və 2014-cü ildən ölkəmizin uğurları üçün çalışır.
31 yaşlı Sotomayor Olimpiya medalçısı olan boksçular arasında ən yaşlısıdır. Belə ki, bunadək mükafat qazanan həmkarlarından Vüqar Ələkbərov, Fuad Aslanov, Ağası Məmmədov, Şahin İmranov, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov fərqlənəndə, yaşları 30-dan aşağı olub.
Lorenzo "Rio-2016"da 1/4 finalda məğlub etdiyi həmyerlisi Yasniyer Toledonu hələ vətənindən çox yaxşı tanıyır. Özü də onlar Kubada ölkə çempionatında 2 dəfə rəqib olublar. Hər 2 döyüş Sotomayor üçün uğursuz alınıb. O, 2011-ci ildə 60 kq çəkidə Toledoya finalda (18:27), bundan 1 il sonra 64 kq çəkidə 3-cü yer uğrunda (16:26) mübarizədə uduzub. Göründüyü kimi, həmyerlisindən revanşını alan Sotomayor artıq Azərbaycan yığmasının boksçusu kimi tarixə düşüb və yeni tarix yazmağın astanasındadır.
Mehman Süleymanov