Hollandiya 2019-cu il II Avropa Oyunlarının təşkilatçılıq hüququndan imtina edib. Sportnet.az-ın məlumatına görə, bu qərar Bakıda keçiriləcək ilk Oyunların startına 2 gün qalmış verilib.
Hazırda ilk Avropa Oyunları ilə əlaqədar Azərbaycan paytaxtında olan Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki "İnside the Games"ə açıqlamasında qərardan heyrətləndiyini bildirib. O, "Bakı 2015"in yüksək səviyyədə təşkilindən sonra Oyunlara daha çox marağın olacağına ümid etdiyini vurğulayıb: "Bu qərar bizi təəccübləndirdi. Lakin biz hollandiyalılara göstərdikləri marağa görə minnətdarıq. Əminik ki, Bakıda keçiriləcək ilk Avropa Oyunları yeni hadisə və onun uzunmüddətli idman, sosial və iqtisadi cəhətdən xeyirli olması üçün ideal vitrin olacaq".
Hollandiya təşkilatçılıq hüququna ötən ay EOC-un Türkiyənin Bələk qəsəbəsində keçirilmiş Baş Assambleyasında yiyələnib. Lakin Hollandiyanın İdman Nazirliyi, əyalətləri və bələdiyyələrinin 125 milyon avroluq ilkin büdcəyə əlavə olaraq, 60 milyon avro maliyyə yardımı etməkdən imtinasından sonra plan iflasa uğrayıb. Hər 3 qurumun birgə bəyanatında bildirilir ki, Avropa Oyunları üçün bu qədər vəsait ödəmək məsuliyyətsizlik olardı.
Hollandiya Olimpiya Komitəsinin ilkin təklifində Oyunların 5 əyalət üzrə 9 şəhərdə təşkili göstərilib. Həmin vaxt "Bakı 2015"lə müqayisədə II Avropa Oyunlarının proqramına 5 idman növünün az salınması, başqa sözlə, növbəti Oyunların 15 növ üzrə təşkili planlaşdırılıb. Lakin Eyndhovenin imtinasından sonra plan ciddi zərbəyə məruz qalıb. Həmin vaxt qərara alınıb ki, Oyunlar Rotterdam və Utrext şəhərlərində keçirilsin. Amma son olaraq, Hollandiya hökumətinin imtinasından sonra yerli Olimpiya Komitəsi bunu ölkə üçün itirilmiş nəhəng imkan adlandırıb.
EOC isə II Avropa Oyunları üçün yenidən təşkilatçı seçimi elan edib. Qalib öncədən Oyunlara maraq göstərdiyini açıqlayan 5 şəhər arasından seçiləcək. Hikki şübhə etmir ki, 2019-cu il Oyunları daha güclü olacaq. Lakin o, hazırda bütün diqqətlərini "Bakı 2015"in ən yaxşı tramplin rolunu oynamasına yönəltdiklərini vurğulayıb.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.