"Bakı 2015" I Avropa Oyunlarında mübarizəyə start verilib. Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə sinxron üzgüçülük və su polosu növləri üzrə yarışlar keçirilir.
Saat 9:00-da sinxron üzgüçülüyün sərbəst rejim üzrə duetlər arasında təsnifat mərhələsi başlayıb. 20 duetin qatıldığı yarışda Azərbaycanı Tatyana Nikitina - Yekaterina Valiulina cütlüyü təmsil edir. Bu duet həm də ilk yarış günündə Azərbaycanın yeganə təmsilçisidir.
Artıq onlar seçmə mərhələdəki çıxışlarını başa vurublar. Hakimlər duetimizə 71.4333 xal veriblər. Bu nəticə ilə Nikitina - Valiulina dueti 20 iştirakçı arasında 18-ci yeri tutaraq, finala yüksələ bilməyib və mübarizəni erkən dayandırıb.
"Bakı 2015" I Avropa Oyunlarında su polosu üzrə açılış oyununda qeyri-adi hesab qeydə alınıb. Qadınların mübarizəsində A qrupunun Hollandiya - İsrail matçında qapılara 30 qol vurulub.
Görüş Hollandiyanın 29:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 6-nı Linn Kitti Yustra, hərəyə 4-ünü Flöryen Bosveld və Ester Şeij vurub.
Qrupun digər oyunu da məhsuldar alınıb. Macarıstan Almaniyanı 21:4 hesabı ilə məğlub edib.
Günün proqramı:
Sinxron üzgüçülük
Bakı Su İdmanı Mərkəzi
09:00. Duetlər, təsnifat, sərbəst rejim
15:30. Komandalar, təsnifat, sərbəst rejim
Su polosu
Vaterpol Arenası
12:00. Qadınlar, A qrupu: Hollandiya - İsrail, Macarıstan - Almaniya
13:45. Qadınlar, A qrupu: Yunanıstan - Böyük Britaniya
13:45. Qadınlar, B qrupu: İspaniya - Serbiya
15:30. Qadınlar, B qrupu: Rusiya - Slovakiya, İtaliya - Fransa