
2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən "Qəbələ” növbəti transferini gerçəkləşdirib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” Estoniya milli komandasının futbolçusu Sergey Zenyovla 2 illik müqavilə imzalayıb.
26 yaşlı hücumçu "Qəbələ" ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib. Estoniyalı legionerin son klubu Rusiyanın "Torpedo” (Moskva) komandası olub. O, 2015-ci ilin əvvəlində bu kluba keçib. Vətənində "Pyarnu” (2006) və TFMK (2006-08) klublarında çıxış edən Zenyov 2008-ci ildən legioner həyatı yaşayır. 2008 - 2014-cü illərdə Ukraynanın "Karpatı” klubunun şərəfini qorumuş hücumçu ötən il İngiltərənin "Blekpul” komandasında çıxış edib. 2008-ci ilə qədər U-21-in üzvü olan Sergey 7 ildir Estoniyanın əsas yığmasının şərəfini qoruyur. O, millidə 45 oyunda 11 qol vurub. AVRO-2016-nın seçmə mərhələsinin iyunun 14-də baş tutan son qarşılaşmasında dubla imza atan hücumçu San-Marino üzərində qələbədə (2:0) əsas pay sahibi olub.
Qeyd edək ki, "Qəbələ" daha öncə yerlilərdən Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, əcnəbilərdən isə Vernidubu heyətinə qatıb.








































































