
"Qəbələ" klubu növbəti futbolçu transferini həyata keçirib. Sportnet.az-ın "Gazeta Sporturilor"a istinadən məlumatına görə, Rumıniya milli komandasının sabiq hücumçusu Andrey Kristya ilə 1 illik müqavilə bağlanılıb.
Bu müddətdə onun çıxışı klub rəhbərliyini qane etsə, anlaşma daha bir il uzadılacaq. Kristya "Qəbələ"yə azad agent kimi keçib. Onun son klubu Rumıniya "Braşov"u olub.
Xəbəri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov da təsdiqləyib. O, Kristya ilə 1 illik müqavilə bağlamağa yaxın olduqlarını vurğulayıb.
Qeyd edək ki, Andrey Kristya 15 may 1984-cü ildə anadan olub. O, karyerası ərzində Rumıniyanın "Bakau", "Styaua", "Politexnika", "Dinamo" (Buxarest) və Almaniyanın "Karlsrue" komandalarında çıxış edib. Kristya 2003 - 2010-cu illər ərzində 10 dəfə Rumıniya millisinin formasını geysə də, qol vura bilməyib.