Avropa Liqasına hazırlaşan "Qəbələ" və "İnter" komandaları arasında yoxlama matçı keçirilib. Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 68-ci dəqiqədə yeni transfer Aleksey Antonov vurub. Hər iki komanda meydana yeni transferlərini buraxıb. "Qəbələ"də Antonovdan əlavə, Sergey Zenyov, Vitali Vernidub, Voyislav Stankoviç, Məhəmməd Mirzəbəyov ilk yarıda, Asif Məmmədov, Samir Zərgərov, Aleksandr Popoviç və Arif Daşdəmirov isə ikinci yarıda çıxış edib. Yalnız son transfer George Floresku oyuna çıxmayıb.
"İnter"dən isə əvvəlki heyət üzvlərindən yalnız qapıçılar Georgi Lomaya və Səlahət Ağayev oynayıb. Qalan futbolçular isə Zurab Xizanişvili, Xuanfran, Mirhüseyn Seyidov, Yuri Fomenko, Laşa Kasradze kimi legionerlər və əvəzedici heyətin bir neçə oyunçusu olub.
Görüş "Qəbələ"nin ərazi üstünlüyü şəraitində keçib. Oyunu gənc referi Rəşad Əhmədov idarə edib.