
Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma oktyabrın 10-da Palermo şəhərindəki "Komunale Rentso Barbera" stadionunda təşkil olunacaq.
Siciliya inzibati regionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, "Comunale Renzo Barbera" stadionu 1932-ci il yanvarın 14-də inşa olunub. Bu arena faşist rejiminin şərəfinə 1936-cı ilədək "Littorio" adlanıb. Ardından stadiona "Miçele Marrone" adı verilib. II Dünya müharibəsindən sonra "La-Favorita" adlandırılan idman qurğusu 1990-cı il dünya çempionatının keçirildiyi stadionlardan biri olub. 2002-ci ilin mayında "Palermo" klubunun prezidenti Rentso Barbera vəfat edib və 18 sentyabrdan etibarən arena onun adını daşıyır. Tutumu 37000 nəfərdir.