Oktyabrın 23-də atılan Avropa Liqasının püşkü nəticəsində Bakının "İnter" klubunun bəxtinə I təsnifat mərhələsində Moldova "Tiraspol"u düşdü. Sportnet.az indiyədək heç bir komandamızla üz-üzə gəlməyən rəqib barədə maraqlı məlumatlar toplayıb...
13 yaşlı rəqib
"Tiraspol" klubu 2001-ci ildə "Konstruktorul" adı altında yaradılıb. Bir mövsüm sonra hazırkı adını qəbul edib. Klubun ilk baş məşqçisi artıq tarixin yaddaşına köçmüş "MKT-Araz"ın son "sükançı"sı İqor Nakoneçnı olub. Ötən mövsüm Moldova çempionatının gümüş medalına layiq görülən "Tiraspol" 33 oyuna 72 xal toplayıb və çempion "Şerif"dən 15 xal geri qalıb. Komandanın hazırkı baş məşqçisi Vlad Qoyandır. 44 yaşlı mütəxəssis 2011-ci ildən "Tiraspol"a rəhbərlik edir.
Komanda ölkədaxili oyunlarını Yevgeni Şinkarenko adına Respublika stadionunda, avrokubok qarşılaşmalarını isə 13300 tutumlu "Şerif" stadionunda keçirir.
Azərbaycanda çıxış etmiş "Tiraspol"lular
Hazırda "Tiraspol"un şərəfini qoruyan futbolçulara nəzər saldıqda, ölkəmizdə legioner həyatı yaşayanları da görmək olar. Azərbaycana 2007-ci ildə gəlmiş Dan Pisla 3 mövsüm ərzində "Standart" klubunun şərəfini qoruyub. 2007-2009-cu illərdə paytaxtı təmsil edən komanda 2009-2010 mövsümündə Sumqayıta köçüb.
Pislanın Azərbaycan sərgüzəştləri 2012-ci ilə qədər davam edib. 28 yaşlı yarımmüdafiəçi Salyanın "Muğan" və Tovuzun "Turan" komandalarında da çıxış edib. Ümumilikdə 62 dəfə Azərbaycan klublarının formasını geyinmiş yarımmüdafiəçi 8 qola imza atıb.
"Tiraspol"la yenicə müqavilə bağlayan Georgi Boqyu da bir müddət Azərbaycanda çıxış edib. O, 2011-2012-ci illərdə AZAL-ın şərəfini qoruyub. "Təyyarəçilər"in heyətində 27 dəfə meydana çıxan 33 yaşlı hücumçu 5 qola imza atıb.
Anasına yox, ata və babasına qulaq asan erməni
"Tiraspol"un futbolçuları arasında Ermənistan yığmasının futbolçusu Artyom Xaçaturov da oynayır. Ampluası müdafiəçi olan "Tiraspol"un 26 nömrəli futbolçusu 2009 - 2013-cü illərdə Moldova futbolunun flaqmanı "Şerif"in şərəfini qoruyub. Üç dəfə Moldova çempionluğu və bir dəfə Kubokunu qazanmış 22 yaşlı Xaçaturov 2013-cü ilin iyununda "Tiraspol"a keçib. Xaçaturov Moldovanın gənclərdən ibarət yığmasının üzvü olub. Lakin atası və babasının (anası moldovalıdır) təkidlərindən sonra Ermənistanın əsas komandasının dəvətinə müsbət cavab verib.
Moldova təmsilçisinin daha bir futbolçusu Anatoli Boeştyanın da soyadı maraq doğurur. Lakin araşdırmalarımız göstərdi ki, onun erməni qarışığı yoxdur.
Əlbəttə, "İnter" rəqib komandanın düşərgəsində yer alan nümayəndə heyətinin istənilən üzvünün təhlükəsizliyini təmin etməlidir. Ancaq Moldovanın Benderı şəhərində dünyaya göz açmış Xaçaturovun Bakıda necə qarşılanacağı və ya ümumiyyətlə, paytaxtımıza gəlib-gəlməyəcəyi maraq doğurur.
Yada düşər xatirələr
"Tiraspol"da Azərbaycan futbolsevərlərinə tanış daha bir isim Vadim Borets də yer alıb. Moldova millisinin sabiq yarımmüdafiəçi 2004-cü ildə bu klubun formasını geyinib. Azərbaycanda isə o, 2005 - 2008-ci illərdə "Neftçi"nin, 2008 - 2012-ci illərdə "Bakı"nın uğurları üçün çalışıb.
Qeyd edək ki, "İnter" "Tiraspol"la ilk görüşünü iyulun 3-də Bakıda, cavab matçını isə iyulun 10-da səfərdə keçirəcək.
Ceyhun ƏLİYEV
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |