Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus Fransanın "Lans" klubunun ölkənin yüksək liqasında iştirakına icazə verilməyib. Sportnet.az-ın məlumatına görə, bu barədə Fransanın İdarəetməyə Nəzarət üzrə Milli Direktoriyası (DNCG) qərar çıxarıb.
Səbəb kimi klubun 2014-2015-ci il mövsümü üçün büdcəsinin maliyyə kriteriyalarına uyğun gəlməməsi göstərilib. Klub prezidenti Jerve Martel keçirdiyi mətbuat konfransında qərara etiraz edəcəklərini bildirib. Martel bir neçə gün öncə Bakıda olduğunu və Məmmədovla görüşdə ona 10 milyon avro bank təminatı verildiyini açıqlayıb. Lakin iyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr günü qeyd edildiyindən, bayramla əlaqədar banklar işləməyib. Bu səbəbdən, həmin vəsaitin bu gün köçürülməsi qərara alınıb. Klub prezidentinin sözlərinə görə, vəsait gələn həftənin əvvəllərinədək hesaba oturacaq.
Martel verdikləri apellyasiya bağlı dinləmələrin iyulun 3-dən 9-dək olacağını əlavə edib.
Qeyd edək ki, "Lans" klubu ötən mövsüm Fransanın II liqasında 3-cü yeri tutaraq, ölkənin güclülər dəstəsi sayılan I Liqaya vəsiqə qazanıb.