"Qəbələ"nin kapitanı Dodo "Rəvan"ı darmadağın etdikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyunu necə dəyərləndirərdiniz?
- Məəşqlərdə əlimizdən gələni etmişdik ki, bu oyunda qalib gələk. Öz yanlış cəhətlərimiz üzərində işləməyə və get-gedə çatışmazlıqlarımızı düzəltməyə çalışdıq. Həftəboyu məşqlərdə işlədiyimiz, əziyyət çəkdiyimizin bəhrəsini bu gün meydanda aldıq.
- Əvəzlənməyiniz nə ilə bağlı idi: Qarşıdakı Avropa Liqası matçı ilə?
- Məncə, baş məşqçimiz Avroliqadakı Rusiya "Krasnodar"ı ilə oyunumuzu düşünərək dəyişiklik etdi. Çünki məndən özümü necə hiss etdiyimi soruşmuşdu. Mən də yaxşı vəziyyətdə olduğumu demişdim. Roman Qriqorçuk Aleksey Qayı da dəyişdi. Əlbəttə, bizim üçün bu oyun da əsas idi. Amma bundan sonrakı qarşılaşma da vacibdir. Ola bilsin, əvəzləmələr Avroliqadakı oyunumuzu düşünərək edilib.
- Ümumiyyətlə, Rusiya Premyer Liqasındakı son oyunlarda o qədər də yaxşı təsir bağışlamadığını nəzərə alaraq, "Krasnodar"la görüş barədə nə düşünürsünüz?
- Əlbəttə, hər bir komandanın öz zəif cəhətləri, zəif nöqtələri ola bilər. Hazırda "Krasnodar" Rusiya Premyer Liqasında zəif çıxış edirsə, bu, Avroliqada da zəif çıxış edəcəyii anlamına gəlməməlidir. Bu komanda ilə oyunda ən yaxşı nəticə nədirsə, onu qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq.
- Komandanızda psixoloji durum necədir?
- Hər bir komandaya qarşı hazır olmalıyıq. Futbolu 11 nəfər 11 nəfərə qarşı oynayır. Bunu deyə bilərəm.
- Bəs şansları necə dəyərləndirirsiniz?
- Bunu indidən deyə bilmərəm. Çünki "Krasnodar"ı o qədər də araşdırmamışam. Rəqibi tanımıram, ona qarşı oynamamışam. Əslində mənim üçün rəqib komandalar heç vaxt önəmli olmayıb. Öz oyunumuzu fikirləşirəm. Həmişə öz işimi görməyə, sonra isə rəqibi fikirləşməyə çalışıram.
- "Qəbələ" Avroliqadakı rəqiblərindən heç biri ilə müdafiə futbolu oynamadı. Bəs "Krasnodar"la necə?
- Mən baş məşqçi olsaydım, komandaya daha çox hücum futbolu oynadardım. Çünki ön xəttdə kifayət qədər keyfiyyətli, istedadlı oyunçularımız var. Çox ağıllı, savadlı baş məşqçiyə malikik. O, rəqibə qarşı necə oynamağın gərəkliyini bilir.