Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin son iki oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar Premyer Liqa və I Divizion komandaları arasında baş tutub.
İlk olaraq "Qəbələ" doğma şəhərdə divizionda mübarizə aparan "Mil Muğan"ı sınağa çəkib. 2 il öncə də bu komandaların 1/8 finala təsadüf etmiş ilk duelində Premyer Liqa təmsilçisi qalib gəlmişdi - 2:1. Bu dəfə Qəbələ şəhər stadionunda qarlı hava şəraitində keçirilmiş qarşılaşmanı Orxan Məmmədov idarə edib. Matç isə meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 8:0. "Qəbələ" növbəti mərhələdə "Zirə"yə rəqib olacaq.
Premyer Liqada çıxış edən "Rəvan" isə aşağı liqa təmsilçisi "Bakı"nı qəbul edib. 3-cü dəfə üz-üzə gələn paytaxt təmsilçilərinin əvvəlki duellərinin taleyi penaltilər seriyasında həll olunmuşdu. Bu dəfə isə Əliyar Ağayevin idarə etdiyi görüşün taleyini 1 qol həll edib. Güclü külək üzündən komandaların oynamaqda çətinlik çəkdiyi matçda yeganə qolu "Bakı"nın yetirməsi, hazırda "Rəvan"da çıxış edən Vüqar Bəybalayev vurub. "Rəvan" 1/4 finalda "İnter"lə qarşılaşacaq.
Qeyd edək ki, digər 1/4 final matçlarında "Xəzər Lənkəran"la "Neftçi", "Qarabağ"la "Sumqayıt" üz-üzə gələcək. Matçlar martın 2-də və 9-da olacaq.
Azərbaycan Kuboku, 1/8 final
20:00. "Rəvan" – "Bakı" - 1:0
Qol: Vüqar Bəybalayev, 23
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov