"Neftçi"nin futbolçusu Kaue Sesilyo da Silva evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyun barədə nə deyə bilərdiniz?
- Məncə, yaxşı oyun alındı. "Zirə" çox kompakt oynayır. Biz də matç ərzində bircə səhvə yol verdik və bu da erkən qolla nəticələndi. Amma sonra toparlana bildik və hesabı bərabərləşdirdik.
- Həm "Zirə", həm də "Neftçi"nin futbolçuları az qala külək möhkəm əsən kimi özlərini yerə atırdılar. Futbol oynamağı nə vaxt düşünəcəksiniz?
- Öz komandamı deyə bilmərəm. Meydanda çox aqressiv oyun gedirdi. Məncə, rəqib üçün heç-heçə daha yaxşı nəticə sayılırdı. Bəlkə də nəticəni qorumaq üçün belə hərəkət edirdilər və tez-tez yıxılırdılar.
- "Zirə"nin qapısına 2 dəfə penaltinin verilmədiyi göründü. Demək olarmı ki, hakimlər "Neftçi"nin qələbəsinə mane oldular?
- Epizodlardan birincisi mənimlə bağlı idi. Bəlkə də orada penalti var idi. Referi barədə çox danışmaq istəmirəm. Amma hərdən Ramil Diniyevin qərarını başa düşə bilmirdim. "Zirə"nin oyunçuları daha aqressiv olsa da, sarı vərəqələri biz alırdıq. Baş hakimin bəzi qərarları mənim üçün qaranlıq qaldı.
- Əsgər Abdullayevin gəlişindən sonra "Neftçi" uduzmayıb. "Neftçi" qarşıdakı oyunda "Qəbələ" ilə səfər matçına da qələbə üçün çıxacaq?
- Əlbəttə, Qəbələyə qələbə üçün gedəcəyik. "Neftçi" inkişaf edir. Biz yavaş-yavaş, addım-addım böyük komanda oluruq. Səfərə nəinki məğlubiyyətsizlik seriyasını davam etdirməyə, qələbə üçün çıxacağıq.
- "Qəbələ"nin həftəiçi "Krasnodar"la Avropa Liqasında oyunu var. Bu məqam "Neftçi"nin xeyrinə işləyə bilər?
- Ola bilsin, bir az yorğun olacaqlar. Amma "Qəbələ"nin çoxlu sayda yaxşı oyunçuları var. Nə qədər mümkündürsə, xal qazanmalıyıq.
- Lakin həmin yaxşı oyunçular uzun müddət qələbəyə həsrət qaldılar...
- Bu, mənim səhvim deyil. Bizə qarşı da pis oynasaydılar, lap yaxşı olardı.
- "Neftçi"nin müdafiə xətti xeyli səhvə yol verir. Bunu nə ilə əlaqələndirərdiniz?
- Bəli, bəzi məqamlarda sizinlə razıyam. Çünki qələbələrimiz oyunumuzda hər şeyin ideal olduğunu göstərmir. Udsaq belə, səhvlərimizə baxmalı, nəticə çıxarmalıyıq.