
Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi ilk oyun öncəsi Sloveniya "Koper"inin baş məşqçisi Rodolfo Vanoli mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə italiyalı mütəxəssis güclü komandaya qarşı oynayacaqlarını etiraf edib:
- Bakıda özümüzü rahat hiss etmək üçün "Neftçi" tərəfindən bizə hər şərait yaradılıb. Çox güclü komandaya qarşı oynayacağıq. Bilirik ki, rəqibin avrokuboklarda kifayət qədər təcrübəsi var. Baş məşqçi kimi Avropada mənim də kifayət qədər təcrübəm var. Əlbəttə, hər kəsə məlumdur ki, bu mərhələ 2 oyundan ibarətdir və hər şey birinci oyundan sonra bitmir. Buna görə də biz əsas fikrimizi 2-ci oyuna yönəltmişik. Heyətdəki futbolçulara inanıram və kifayət qədər güclü futbolçularımız var. İnanıram ki, onlar "Neftçi" kimi güclü komandaya qarşı oynaya biləcək.
- Açıqlamanızda Flavinyonun oyununu izlədiyinizi bildirmişdiniz. Ancaq "Neftçi"də Araz Abdullayev və Culius Vobay kimi oyunçular da var. Bununla bağlı nə deyə bilərsiniz?
- Bizim də öz fəlsəfəmiz var. Çempionatımızda kifayət qədər güclü komandalar var. Onlara qarşı oynayıb qalib gəlmişik. Ona görə də futbolçular qorxu hissi ilə meydana çıxmayacaq. Vurğuladığınız futbolçuları yoxlamışıq. Lakin nəzərimizi əsas öz futbolçularımıza yönəltmişik.
- "Koper" - "Çelik" oyunu qalmaqala səbəb olmuşdu. Bu, nə dərəcədə həqiqətə uyğundur?
- Bu oyunda biz ancaq öz oyunumuzu düşünmüşük. Ona görə də bir şey deyə bilmərəm. Bu məsələnin sabahkı oyuna heç bir aidiyyatı yoxdur. Fikrimiz daha çox öz oyunumuzdadır. Bu günə çətinliklə gəlib çıxmışıq. Buna görə də daha çox biz öz oyunumuz haqda düşünürük.
- Böyükağa Hacıyev "Koper"in əsas üstünlüyünün standart vəziyyətlər olduğunu bildirib. Bəs "Neftçi"nin əsas üstünlüyü nədir?
- "Neftçi" güclü taktikaya və fərdi şəkildə texnikaya malikdir. Müdafiə olunarkən 6 futbolçuya üstünlük verir. Bu üstünlükləri saya bilərəm. Braziliyanın da çox güclü heyəti var. Amma gördünüz ki, hansı aqibətlə üzləşdi.
- "Neftçi" 2:0 hesablı qələbə qazansa, bu son olacaq, yoxsa davamı Sloveniyada olacaq?
- Niyə də biz ikinci oyunda 2:0 hesabı ilə qalib gəlməyək?
- Özünə inamla çıxış edirsiniz. Bu, rəqibin "Neftçi" olmasından irəli gəlir, yoxsa hər zaman beləsiniz?
- Əlbəttə, mənim əmin danışmağım normaldır. Belə olmasa, komandaya xeyir verə bilmərəm. Bu əminlik komandaya olan sevgidən irəli gəlir.
- Siz italiyalısınız. "Neftçi"nin Milan "İnter"i ilə oyununu izləmisiniz?
- Bu, köhnə oyundur, amma "Neftçi" o gündən daha da böyüyüb. Deyə bilərəm ki, "İnter"in heyəti həmin oyunda güclü deyildi.
Rövşən ƏHLİMANOĞLU