"Bakı" klubu növbəti Azərbaycan Premyer Liqasında iştirak edəcək. Bu barədə Sportnet.az-a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, FİFA-nın Ruslan Leviqa və Aleksandr Tomovskiyə görə "Bakı" klubuna kəsdiyi cəriməni AFFA ödəyib. Federasiya "Bakı" klubunun maliyyə durumunu nəzərə alaraq, bu addımı atmağa qərara alıb. Məmmədov bildirib ki, "Bakı"da son 4-5 ayın əmək haqlarının verilməməsi ciddi mesajdır.
O, "Bakı"nın Premyer Liqada qalmasından ötrü AFFA-nın əlindən gələni etdiyini söyləyib: "Hazırda 2 sponsorla danışıqlar aparılır. Razılıq əldə edilsə, "Bakı" Premyer Liqada çıxışlarını davam etdirəcək. Həm də bu zaman klub mövsümün sonunadək oynamalı, çıxışlarını yarımçıq dayandırmamalıdır. Əks halda, B planımız işə düşəcək. Bu isə I diviziondan daha bir komandanın yüksək liqaya gətirilməsindən ibarət olacaq. Amma bu zaman həmin klubun lisenziya tələblərinə nə dərəcədə cavab verdiyi də nəzərə alınacaq".
Baş katib deyib ki, "Bakı"nın prezidenti Hafiz Məmmədov klubda vəziyyətin düzələcəyinə söz verib: "Belə sponsoru itirməyi Azərbaycan futbolu istəmir. Biz də hər bir kluba dəstək olmalıyıq, oluruq və gələcəkdə də olacağıq. Fevraldan maaşlarının ödənilməməsinə baxmayaraq, meydana çıxan "Bakı"nın futbolçularına da böyük təşəkkür düşür".
Məmmədov çıxış yolu kimi klubların səhmdar cəmiyyətə çevrilmələrini təklif edib. AFFA rəsmisinin fikrincə, bu, baş verməsə, 10 ildən sonra Azərbaycanda klub qalmayacaq: "Son 10 ildə "Bakı"ya azarkeş dəstəyi olmayıb. Çempionat matçlarında tribunalarda jurnalistlərlə bərabər 200 tamaşaçı olub. İlk növbədə, azarkeşlər olmalıdır ki, klub səhmdar cəmiyyətə çevrilsin. Elə sponsor şirkətlərin əməkdaşları kluba üzv qəbul edilsə, onlar səhmdar cəmiyyətə çevrilə bilərlər".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |