
FİLA (Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası) prezidenti kimi Bakıya ilk səfərini ötən həftə gerçəkləşdirmiş Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədova təşəkkür məktubu ünvanlayıb. Sportnet.az-ın məlumatına görə, məktubda serbiyalı funksioner 25 - 27 iyulda Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin təşkilatçılığından razılıq ifadə edib.
O, yarış zamanı yüksək diqqət və qonaqpərvərlik qarşılığında Məmmədova dərin minnətdarlığını bildirib. Laloviç vurğulayıb ki, "Qızıl Qran Pri"nin yüksək səviyyədə təşkili, habelə Azərbaycan güləşçilərinin göstərdiyi nəticələr onu heyran edib: "Bu idman tədbirinin uğurlu keçməsi ilə bağlı Sizi səmimi qəlbdən təbrik edir, əməkdaşlığınıza görə bir daha Sizə minnətdarlığımı bildirirəm".