"Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedevin Sportnet.az-a müsahibəsi
- "Zalsburq”la oyun haqda nə deyə bilərsiniz?
- Oyun bizim çox çətin keçdi. Belə olacağını gözləyirdik. "Zalsburq” "Valletta” kimi komanda deyil. Burada daha səviyyəli, usta futbolçular var və bizim problemlərimiz ola bilər. Bilirdik ki, onların hücum xətti çox güclüdür. Çünki son oyunlarına baxırdıq, bir oyuna neçə qol vururlar. Birinci qırmızı vərəqəni rəqib futbolçu almışdı deyə, şansımız daha çox idi. Ancaq sonradan bizdən iki futbolçu qırmızı vərəqə aldı. Şükürlər olsun ki, yenə də qələbə qazanan tərəf biz olduq. İndi isə cavab oyununu gözləmək qalır. Avstriyaya ancaq yaxşı nəticə üçün gedəcəyik. Azarkeşlərə minnətdarlığımı bildirmək istəyirəm. Tribunalar dolu idi, bizə dəstək oldular. Bütün güclərimizi birləşdirib qalib gəldik.
- Admir Teli ilə Reynaldo qırmızı vərəqə aldıqları üçün cavab oyununu buraxacaqlar. Onların yoxluğu "Qarabağ”ın oyununa təsirini göstərəcək?
- Əlbəttə, Teli və Reynaldo "Qarabağ”ın ən güclü silahlarındandır. Onların yoxluğu "Qarabağ”a təsir edəcək. Ancaq komandamızda yaxşı futbolçular çoxdu və onları əvəz edə biləcəklər. Sadəcə bizdə problemlər var. Kapitanımız Rəşad Sadıqov zədəlidir. Buna baxmayaraq, o, meydana çıxdı ki, komandaya öz köməyini etsin. Mənə elə gəlir ki, cavab oyununa qədər Rəşad tam sağalacaq və "Zalsburq”la oyunda iştirak edəcək. Belə olan halda komandamızı qələbəyə doğru aparacağıq.
- Hakim qırmızı vərəqə qərarlarını doğru hesb edirsiniz, yoxsa etirazınız var?
- Admir Telinin vəziyyəti doğrudan da qırmızı vərəqəlik idi. Özüm də gördüm ki, əl ilə oynadı. Ancaq Reynaldo həqiqətən də zərbə vurubsa, qırmızıvərəqə düşür. Gördüyünüz kimi, özü də etiraz etmədi. Artıq olan olub, keçən keçib. Qarşıdakı oyuna hazırlaşmaq lazımdı.
Röya KƏRİMLİ