"Bəhram deyib bunu? Bəhramdır da, azarkeşdir. Bizim bir dənə Bəhramımız var, "KVN-şik"imizdir. İndi o da bir azarkeş kimi münasibətini bildirib”. Bunu Sportnet.az-a Azərbaycan millisi və "Qəbələ”nin futbolçusu Elnur Allahverdiyev deyib.
31 yaşlı müdafiəçi tanınmış şoumen və azarkeş Bəhram Bağırzadənin ittihamlarına münasibət bildirib: "Açığı, mən heç istəməzdim ki, bu qədər üstümüzə düşsünlər. Millimizin məğlubiyyəti ilə bağlı azarkeşlərimizi də başa düşmək olar. Onlar qələbə tələb edirlər. Biz də istərdik ki, aldığımız pulların bəhrəsini verək. Amma mən çox məyus oluram ki, Bəhram kimi tanınmış insan belə söz deyib. Bəhram da Azərbaycanı çox təmsil edib, dəfələrlə çempion olublar. Amma hərənin öz fikri var. İstəməzdim ki, üstümüzə gəlsinlər".
Allahverdiyevin sözlərinə görə, Bağırzadənin millimizin futbolçularına binamus və biqeyrət deməsi düzgün deyil: "Deməzdim ki, onun sözləri bütün futbolçulara aiddir. Kimsə çıxıb meydanda gün keçirirsə, aldığı pulun haqqını vermirsə, bu, binamusluqdan da pisdir. Kim ürəkdən oynamırsa, deməli, o futbolçu söyüşləri qəbul edir. Amma kimsə çıxıb ürəkdən oynayırsa, bu söyüşləri ona aid etmək olmaz. Kim milliyə gün keçirməyə, gəzməyə gəlirsə, Bəhramın sözlərini ona aid etmək olar. Millinin formasını geyinən millinin şərəfini kişi kimi qorumalıdır. Öz peşəsində kişi kimi işini görməlidir. Amma bunu bütün futbolçulara aid etməyə heç kimin haqqı yoxdur. Kim oynamırsa, bu söyüşləri özünə götürsün”.
Lakin təcrübəli müdafiəçi millimizə can yandırmayan futbolçuların adlarını çəkmək istəməyib: "Mən bunu necə deyim axı. Allah haqqı, deyə bilmərəm. Mən necə futbolçumuzun birini pisləyim, digərini tərifləyim? Millətin gözü tərəzidir. Bunu siz deməlisiniz. Kimsə yaxşı oynamayanda, ona nəsə deyilməlidir. Yaxşı ilə pisi siz ayırmalısınız. Futbolçu pis oynaya bilər, amma meydanda sona qədər can qoymaq onun borcudur. Ötürməni də əyri verə bilər, amma kişi kimi oynamalıdır”.
Ahhahverdiyev milli komanda üçün can-başla mübarizə apardığını da vurğulayıb: "Məni hamı tanıyır. Mənim ən böyük üstünlüyüm odur ki, meydana çıxıramsa, vicdanımla oynamalıyam. Komandamın qələbəsi üçün əlimdən gələni edirəm. Kim istəyirsə, oyunlarıma dəfələrlə baxa bilər. Mən həmişə meydanda can qoymuşam. Bizim uğurlu oyunlarımız da çox olub. Mənim vicdanım təmizdir. Allah göydən baxır, çox futbolçularımız… Elə şeylər var ki, onu millət yaxşı görür. Biz meydanda görə bilməsək də, azarkeşlər kimin necə qaçdığını yaxşı görür”.
Qeyd edək ki, Bəhram Bağırzadə
Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin futbolçularının layiq olmadıqlarından qat-qat artıq əmək haqqı aldıqlarını bildirib.