
Bakının AZAL klubu qapıçı Cahangir Həsənzadə ilə yollarını ayırıb. Bu barədə Sportnet.az-a "təyyarəçilər"in mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov məlumat verib.
Onun sözlərinə görə, 35 yaşlı qolkiper klubun təklif etdiyi yeni müqavilə şərtləri ilə razılaşmayıb. Nəticədə Həsənzadənin başa çatan anlaşması uzadılmayıb: "Həsənzadə bu gün rəhbərliklə görüşdü. Ona yeni müqavilə təklif etsək də, şərtləri ilə razı olmadığını bildirdi. Nəticədə yollarımızın ayrılmasına qərar verdik".
Yusifov Həsənzadəyə uzun müddət klubdakı xidmətləri qarşılığında AZAL rəhbərliyinin təşəkkür etdiyini və ona gələcək karyerasında uğurlar arzuladığını da əlavə edib.
Qeyd edək ki, Cahangir Həsənzadə AZAL-da 2009-cu ildən çıxış etməyə başlayıb. O, əvvəllər OİK, "Fərid", "Bakılı", "Neftçi", "Şəfa", "Qarabağ", "İnter", "Qəbələ", eləcə də Ukraynanın "Volın" və "Tavriya" komandalarının da formasını geyinib. Həsənzadə 1998 - 2007-ci illərdə şərəfini qoruduğu Azərbaycan millisində 32 oyun keçirib.