
Ümumdünya Boks Seriyası (WSB)10-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, "Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə 1-ci yeri tutur.
56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 4 görüşdən sonra 20 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi amerikalı Fransisko Martinezin 19 xalı var. Siyahıda 3-cü yeri irlandiyalı Maykl Konlan tutur.
Albert Səlimov (60 kq) da fərdi reytinqdə 1-cidir. 5 görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (22 xal) və əlcəzairli Reda Benbazizi (18 xal) qabaqlayır.
Heybətulla Hacəliyev (64 kq) reytinqdə 2-ci pillədəki mövqeyini qoruyub. Azərbaycan millisinin üzvü 5 döyüşdən sonra 20 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, o, 1-cı sıradadır. Meksikalı Raul Qarsiya 19 xalla 3-cüdür.
69 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov "Astana Arlans”la qarşılaşmada Qazaxıstan boksçusuna uduzaraq, lisenziya şansını çətinə salıb. Boksçumuz reytinqdə 4-cü sırada olsa da, lider Rəcəb Butayevdən (Rusiya) 9 xal geri qalır.
4 qarşılaşmadan sonra 20 xal toplayan Abdulqadir Abdullayev (91 kq) hələ ki fərdi reytinqdə 4-cü yeri tutur. Qazaxıstan boksçusu Vasili Levit bu çəkidə liderdir. O, 5 görüşdən sonra 23 xal qazanıb. Kuba təmsilçisi Erislandi Savon 2-ci, polşalı İqor Yakubovski isə 3-cü yeri tutur.
Superağır çəki dərəcəsində Arslanbek Mahmudov 19 xalla 4-cü pillədədir. Amma boksçumuz ilk 3 yeri tutan rəqiblərinin hamısından 1 görüş az keçirib. Siyahıya 25 xalı olan Filip Hrqoviç başçılıq edir. Böyük Britaniya təmsilçisi Cozef Coys 2-ci yerdədir.
Qeyd edək ki, 49 kq, 91 kq və 91 kq-dan yuxarı çəki dərəcələrində reytinqdə 1-ci, digər çəkilərdə isə ilk 2 yeri tutacaq boksçular 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.