Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan "Baku Fires” və USA "Knckouts” klublarının iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbirdə "Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov amerikalılarla görüşdə yalnız qələbə haqda düşündüklərini deyib.
Sabah komandasını maraqlı görüşün gözlədiyini bildirən dağıstanlı mütəxəssis rəqibin Azərbaycana tam heyətlə gəlməməsindən təəssüflənib: "Superağır çəki dərəcəsində görüş baş tutmayacaq. Amerika komandasının bu çəkidə hər iki idmançısı zədəli olduğundan, onlar 4 boksçu ilə gəliblər. Bildiyiniz kimi, boksda azarkeşlər üçün də ən maraqlı döyüşlər ağır çəkilərdə olur. Təəssüf ki, azarkeşlər həmin görüşü izləyə bilməyəcəklər. Bununla belə, digər 4 qarşılaşmanın maraqlı olacağını düşünürəm”.
USA "Knockouts” klubunun baş meneceri Bleyk Baldi komandasının son turlarda uğursuz çıxış etməsinə aydınlıq gətirib: "Biz mövsümə çox yaxşı başlamışdıq. Bir ara qrupda 2-ci yeri tuturduq. Ancaq uşaqlar bu ağır tempə davam gətirə bilmirlər. Hər həftə görüşlər olur. Zədələnən boksçularımız oldu. Bu səbəbdən də ardıcıl son 3 görüşdə uduzduq. Ancaq sabah yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Təbii ki, ABŞ-da peşəkar boks daha populyardır. Buna görə də biz daha çox gənc idmançılarla işləməli oluruq. Amma deməzdim ki, peşəkar boksun kölgəsində qalmışıq”.
N.Talıbov gələn həftə Bakıda start götürəcək "Böyük İpək Yolu” turnirində "Baku Fires"dən 4 boksçunun iştirak edəcəyini söyləyib. Azərbaycan milli komandasının heyətində Cavid Dadaşov (49 kq), Yevgeni Romaşkeviç (69 kq), Nikolay Veselov (75 kq) və Zaur Abdullayev (64 kq) yer alacaq.
Baş məşqçi "pley-off" mərhələsi barədə də fikirlərini bildirib: "Demək olar ki, növbəti mərhələyə vəsiqə məsələsini həll etmişik. Qrupda 2-ci yeri tutsaq, A qrupunda 3-cü olan komanda ilə qarşılaşa bilərik. Digər qrupda Meksika və ya Ukrayna klublarından biri 3-cü yeri tutacaq. İstərdim Avropa təmsilçisi ilə qarşılaşaq. Çünki bu mövsüm ABŞ, Argentina, Venesuela kimi uzaq ölkələrə getdik. Bu, adamı çox yorur. Ustalıq səviyyəsi baxımından isə Meksika və Ukrayna komandası bərabər olar. İndi məqsəd boksçularımızın reytinqlərini yaxşılaşdırıb, Rio-de-Janeyro Olimpiadasına lisenziya qazanmalarıdır. Hazırkı durumda Məhəmməd Qurbanov (65 kq), Albert Səlimov (60 kq) və Heybətulla Hacıəliyin (64 kq) şansları böyükdür. 69 kq-da çıxış edən Pərviz Bağırova gəlincə, o gərək bundan sonra bütün döyüşlərdə qalib gəlsin”.
Qeyd edək ki, amerikalılar 18 xalla qrupda 4-cü yeri tuturlar.
"Baku Fires” – USA "Knockouts”
52 kq. Murad Rabadanov – Brent Riçard Veneqas
60 kq. Albert Səlimov – Karlos Balderas
69 kq. Pərviz Bağırov - Brayan Keballo
81 kq. Mixail Dalqalivets – Stiv Nelson
+91 kq. Haci Murtuzəliyev – Kam Avesome