Ermənistanda şahmat artıq idman yox, ciddi problemlər məngənəsində boğulan bir sahəyə çevrilib.
Sportnet.az-ın məlumatına görə, bu gün start götürəcək Ermənistan çempionatın baş hakimi Aşot Vardapetyanın açıqlamaları ölkədə şahmatın acınacaqlı durumunu açıq şəkildə ortaya qoyur.
Əsas problem ondan ibarətdir ki, güclü və təcrübəli şahmatçılar Ermənistan çempionatlarında iştirakdan imtina edirlər. Səbəb isə sadədir – motivasiya yoxdur. Milli çempionat ölkənin aparıcı şahmatçıları üçün artıq heç bir maraq kəsb etmir. Nəticədə turnirlər süni şəkildə “gəncləşir”, keyfiyyət isə aşağı düşür.
Vardapetyanın sözlərinə görə, qadınlar arasında yüksək qrupda artıq sabit və güclü nüvə qalmayıb. 10 iştirakçıdan 8-i ilk dəfə yüksək liqada çıxış edir. Bu isə “elita” anlayışının faktiki olaraq sıradan çıxması deməkdir.
Kişilər arasında da oxşar vəziyyət hökm sürür – reytinqlər var, real güc isə sual altındadır.
Vəziyyət bununla da bitmir. Çempionatın açılışı belə qalmaqalla yadda qalıb. FIDE qaydaları adı altında mobil telefonların yarış zalına gətirilməsinə tam qadağa qoyulub, lakin federasiya elementar şəkildə telefonların saxlanılması üçün şərait yaratmayıb. Nəticədə gənc şahmatçılarla hakimlər arasında gərgin mübahisələr yaşanıb. Açılış mərasimi faktiki olaraq təşkilati bacarıqsızlığın nümayişinə çevrilib.
Baş hakim isə konkret faktlar və əvvəlki illərdəki pozuntularla bağlı suallardan yayınıb, məsuliyyəti qaydaların üzərinə atmaqla kifayətlənib. Halbuki əvvəlki illərdə bu problemlərin həlli üçün imkanlar mövcud idi, indi isə federasiya sadəcə məsuliyyətdən yayınır.
Ermənistan şahmatında yaranan mənzərə açıqdır:
- güclü şahmatçılar yoxdur
- motivasiya itib
- təşkilatçılıq zəifdir
- “elit çempionat” anlayışı formal xarakter daşıyır
Bir vaxtlar regionda iddialı sayılan Ermənistan şahmatı bu gün daxili böhranla üz-üzədir. Gənclərin sayının artması isə problemi ört-basdır etmir, əksinə, sistemin dağılmasını daha aydın göstərir.










































































