Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) beynəlxalq əməkdaşlığının genişləndirilməsi istiqamətində daha bir addım atılıb.
Qurumun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Daşkənddə Özbəkistan Stolüstü Tennis Federasiyası (ÖSTF) ilə qarşılıqlı əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalanıb.
ASTF-nin baş katibi Könül Mikayılova və ÖSTF-nin baş katibi Gövhərxan Müqəddəsovanın imzaladığı bu strateji sənəd iki qardaş ölkənin idmançıları, məşqçiləri və hakimləri üçün yeni imkanlara yol açacaq.
Memorandumun əsas mahiyyəti və istiqamətləri:
Peşəkar idmançıların hazırlanması: Müasir elmi metodların praktikada tətbiqi və idmançıların təcrübə mübadiləsinin təşkili;
İdman araşdırması və təcrübəsi: İki ölkənin məşqçiləri və hakimləri arasında qarşılıqlı təlim proqramlarının yaradılması;
Birgə yarışlar: Milli komandalar arasında yoldaşlıq oyunları, birgə təlim-məşq toplanışları;
İdman təbabəti və antidopinq: Tibb və dopinqlə mübarizə sahəsində təcrübə mübadiləsi, ixtisaslaşmış xəstəxanalara və idman mərkəzlərinə səfərlərin təşkili;
İdman investisiyası və turizm: Birgə idman tədbirləri vasitəsilə hər iki ölkədə idman turizminin inkişafı sahəsində əməkdaşlıq.
Bu əməkdaşlıq növbəti illərdə hər iki ölkə idmançılarının beynəlxalq arenalarda yüksək nəticələr qazanmasına xidmət edəcək.













































































