"Berlindəki oyunu unutmamışam. Sadəcə, indi fərqli vəziyyətdir. İddiaçılar Turnirində Lirenə uduzduğum partiyada ağ fiqurlarla oynayırdım. Berlində yalnız qələbə haqqında düşünürdüm".
Sportnet.az-ın məlumatına görə, bunu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" superturnirinin VI turunda Çin təmsilçisi Dinq Lirenlə heç-heçə edən Şəhriyar Məmmədyarov mətbuat konfransında deyib.
33 yaşlı qrossmeyster qara fiqurlarla oynadığını və ona görə heç-heçənin normal nəticə olduğunu sözlərinə əlavə edib: "Yeni debüt seçimi etdim, sadəcə, üstünlük qazana bilmədim. Rəqib çox ehtiyatlı oynayırdı. Ona görə də səhvlər, demək olar ki, olmadı. Bununla belə qarşıdakı turlara daha ciddi hazırlaşacağam. Çünki hələ turnir cədvəlində çox şey dəyişə bilər".
İstirahət günü barədə danışan Məmmədyarov futbol yarışında finalda uduzduqları "Dünya yığması"nın güclü heyətə malik olduğunu vurğulayıb: "Futbol çox maraqlı anlarla yadda qaldı. İlk görüşdə təşkilatçılardan formalaşan komandanı 8-0 hesab ilə məğlub etdik. Sonradan finalda "Dünya yığma"sına qarşı oynadıq. Yorğunluq təsirsiz ötüşmədi. Əgər ilk görüşdə əcnəbi şahmatçılarla qarşılaşsaydıq onları məğlub edəcəkdik. Finala gücümüz qalmadı. Həm də bizim heyətdə orta yaşlı oyunçular çox idi. Finalda 1-2 hesabı ilə uduzduq. Rəqib komandada Dinq Liren, Denis Xismatulin və təbii ki, Maqnus Karlseni xüsusi qeyd edərdim. Maqnus şahmatla yanaşı futbolu da yaxşı oynayır".