Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində yarımfinala vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, 1/4 final mərhələsinin ilk görüşlərində Alireza Firuzcaya (FIDE) 3:1 hesabı ilə qalib gələn 36 yaşlı qrossmeyster bu raundun digər qarşılaşmalarında da rəqibinə şans verməyib.
Birinci və üçüncü partiyalarda qara fiqurlarla qələbə qazanan Məmmədyarov ikinci görüşdə heç-heçə edib. Nəticədə 4-cü partiyanı oynamağa ehtiyac qalmayıb. Onun yarımfinaldakı rəqibi 1/4 finalda Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdıran Hikaru Nakamura (ABŞ) olacaq.
Teymur Rəcəbov isə 1/4 finalın ikinci günündə Maqnus Karlsenə uduzaraq, mübarizəni dayandırıb. Onlar arasında ilk görüşlər 2:2 hesabı ilə başa çatmışdı. Karlsen yarımfinalda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.
Yarımfinal görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
1/4 finalın ikinci günündə qeydə alınan nəticələr
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 2,5:1,5
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 2,5:0,5
Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 2:1
Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ) - 1:2
------------------------------
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün 1/4 final mərhələsinin digər görüşləri keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə Alireza Firuzca (FIDE) ilə ikinci dəfə üz-üzə gələcək.
1/4 final mərhələsindəki ilk görüşünü qara fiqurlarla oynayan Rəcəbov bütün partiyalarda rəqibi ilə sülhə razılaşıb.
Məmmədyarov isə 1/4 finala qələbə ilə başlayıb. İlk partiyada ağ fiqurlarla Firuzcadan güclü olan 36 yaşlı qrossmeyster növbəti 2 qarşılaşmada heç-heçə edib. Sonuncu görüşdə qara fiqurlarla rəqibini məğlub edən Məmmədyarov qələbəsini rəsmiləşdirib.
Bugünkü qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. Rəcəbov bu gün ilk görüşünü qara, Məmmədyarov isə ağ fiqurlarla oynayacaq. Rəcəbov yarımfinala yüksəlmək üçün Karlseni məğlub etməlidirsə, Məmmədyarova heç-heçə də bəs edəcək.
1/4 final, cavab görüşləri
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov
İlk görüş - 2:2
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE)
İlk görüş - 3:1
Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ)
İlk görüş - 3:1
Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ)
İlk görüş - 1,5:2,5.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov təsnifat mərhələsini 9,5 xalla 3-cü, Teymur Rəcəbov isə 8,5 xalla 8-ci pillədə başa vuraraq, pley-offa vəsiqə qazanıb. Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.